“MƏDƏNİYYƏTLƏRARASI DİALOQ AVROPA VƏ ONUN QONŞU REGİONLARINDA DAVAMLI İNKİŞAFIN VƏ SÜLHÜN ƏSASIDIR”
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK VƏ ÇIXIŞ ETMİŞDİR
Dekabrın 2-də Bakıda, “Gülüstan” sarayında Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda ikigünlük konfransı başlanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev konfransın
açılışında iştirak etmişdir.
Konfransda Avropa Şurasının üzvü olan, habelə müşahidəçi ölkələrin, Avropa Mədəniyyət Konvensiyasını imzalamış dövlətlərin, Avropanın qonşu regionlarını təmsil edən 10 ölkənin, habelə Avropa Komissiyasının və YUNESKO-nun, İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO), Ərəb Dövlətləri Liqası ölkələrinin Elm, Mədəniyyət və Təhsil Təşkilatının (ALEKSO) yüksək rütbəli rəsmiləri, müxtəlif fondların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ümumilikdə, 250-dən çox nümayəndə, o cümlədən 16 nazir, 18 nazir müavini, 10 beynəlxalq təşkilatın başçısı iştirak edir.
Son illərdə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə mədəniyyət və turizm sahələrinin inkişafı, dünya miqyasında təbliği üçün 100-dən çox Fərman və Sərəncam imzalamışdır. 2004-2008-ci illərdə bu istiqamətdə 71 beynəlxalq saziş və konvensiya imzalanmışdır. Heydər Əliyev Fondunun prezidenti,YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mədəni irsimizin qorunması və dünya təbliği sahəsində məqsədyönlü fəaliyyət göstərir. Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin, habelə onun tərkib hissəsi olan islam mədəniyyətinin böyük daşıyıcılarından biri olduğuna görə, Bakı şəhəri 2009-cu il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdir. Bu baxımdan Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin Bakı konfransı, nəinki Azərbaycanın və Qərbin, eyni zamanda, Şərqin mədəni həyatında mühüm hadisədir. Bunu yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyevin bu il noyabrın 4-də imzaladığı Sərəncama əsasən, konfransın hazırlanması və keçirilməsini təmin etmək məqsədi ilə Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılmışdı.
Konfrans münasibətilə “Gülüstan” sarayının foyesində təşkil olunmuş sərgidə ölkəmizin qədim, zəngin mədəniyyəti barədə kifayət qədər dolğun təsəvvür yaradan eksponatlar - xalçalar, silah nümunələri, musiqi alətləri, xalq sənəti nümunələri nümayiş etdirilir. Respublikamızın turizm imkanlarını, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənətə göstərdiyi diqqət və qayğını göstərən fotoşəkillər qonaqlarda böyük maraq doğurmuşdur.
Sonra konfransın rəsmi açılışı oldu. Salona toplaşanlar Prezident İlham Əliyevi və Avropa Şurasının baş katibi Terri Devisi alqışlarla qarşıladılar.
Mədəniyyət naziri Əbülfəs Qarayev Avropa Şurası ilə Azərbaycanın birgə təşkil etdiyi konfransı açaraq dedi ki, müasir dövrdə sivilizasiyaların arasında dialoq qlobal səviyyədə bəşəriyyətin ən vacib ehtiyaclarından birinə çevrilmişdir. Bu konfrans müxtəlif xalqlar və dövlətlər arasında dialoqu möhkəmləndirməyə və daha da inkişaf etdirməyə yönələn fəaliyyətin bariz nümunəsidir.
Ölkəmizdə son illər çoxlu beynəlxalq forumların və mədəniyyətlərarası dialoqa həsr edilmiş tədbirlərin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirən nazir dedi ki, bu beynəlxalq konfrans Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə dəstəyi və müvafiq göstərişi ilə təşkil olunmuşdur. Buna görə, Prezidentə təşəkkürünü bildirən Ə.Qarayev vurğuladı ki, Azərbaycan öz siyasətində mədəniyyətlərarası dialoqa böyük önəm verir və şəxsən dövlətimizin başçısının rəhbərliyi altında həyata keçirilən tədbirlər həm ölkəmizin daxilində, həm də beynəlxalq aləmdə dialoqun səmərəli inkişafına böyük töhfələr vermişdir.
Dövlətimizin başçısı konfransda nitq söylədi.
-Hörmətli cənab baş katib!
Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Mən, ilk növbədə, sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram. Bu gün Azərbaycan paytaxtında, Bakı şəhərində çox önəmli bir tədbir keçirilir. Əminəm ki, mədəniyyətlərarası dialoqun möhkəmlənməsi işində bu konfransın çox böyük və müsbət rolu olacaqdır.
Biz bu gün müxtəlif ölkələrdən olan mədəniyyət nazirlərinin konfransını keçirməklə bir daha onu göstəririk ki, son illər ərzində Azərbaycan dini tolerantlıq, milli və etnik tolerantlıq məsələlərində çox böyük uğurlara nail olmuşdur. Əslində, bizim ölkəmizdə bütün insanlar müxtəlif dövrlərdə, ictimai-siyasi quruluşundan asılı olmayaraq, həmişə bir ailə kimi yaşamışlar. Burada bütün dinlərin nümayəndələri həmişə dostluq, qardaşlıq şəraitində yaşamışlar. Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim ölkəmizə xas olan çox mühüm bir amildir.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, əlbəttə, millətlərarası münasibətlərə, milli və dini tolerantlığın möhkəmlənməsi işinə çox böyük diqqət verilmişdir. Bu gün Azərbaycan sözün əsl mənasında dostluq, qardaşlıq məkanıdır. Burada bütün xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mən əminəm ki, Azərbaycanın bu istiqamətdə əldə etdiyi təcrübə çox önəmlidir. Şübhə etmirəm ki, konfrans zamanı bu barədə geniş söhbət açılacaqdır.
Mən çox şadam ki, bu konfransda dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr iştirak edirlər. Bildiyiniz kimi, konfrans Avropa Şurası ilə Azərbaycan tərəfindən təşkil olunmuşdur. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan səkkiz ilə yaxındır Avropa Şurasının üzvüdür. Bu dövr ərzində ölkəmizdə gedən siyasi və iqtisadi islahatlar, Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi nəticəsində Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəli getmişdir. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar, qanunun aliliyinin bərqərar olunması, Azərbaycanda mütərəqqi təcrübənin tətbiq edilməsi - bütün bunlar son illər ərzində baş vermiş mühüm hadisələrdir. Biz Avropa Şurası ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan çox razıyıq. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə uğurla davam etdiriləcək və bizə əlavə imkanlar yaradacaqdır.
Eyni zamanda, bizim qonaqlarımızın arasında İslam Konfransı Təşkilatının üzvləri vardır. Biz buna da çox sevinirik və çox şadıq ki, bu gün Şərqlə Qərbin kəsişdiyi yerdə, Bakıda müxtəlif ölkələrdən müxtəlif dinlərin nümayəndələri iştirak edirlər. Biz buna çox böyük önəm veririk. Bunun çox böyük əhəmiyyəti var. Çünki indiki zamanda bir çox hallarda sivilizasiyalararası, mədəniyyətlərarası dialoqdan danışılır, ancaq bununla bərabər, dünyada gedən proseslər, əfsuslar olsun ki, bəzi hallarda gərginliyin artmasına gətirib çıxarır. Mən çox istəyirəm ki, bu gün Azərbaycanda başlanan Bakı prosesi mədəniyyətlər arasında olan dialoqun, dosluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə öz dəyərli töhfəsini versin.
Bir sözlə, Azərbaycanın həm tarixi, həm coğrafi vəziyyəti, həm də müxtəlif beynəlxalq təşkilatlarda iştirakı, əlbəttə, bizim imkanlarımızı daha da genişləndirir. Mən əminəm ki, ölkəmizin uğurlu inkişafı bundan sonra da davam etdiriləcək və bu inkişafı şərtləndirən təkcə siyasi, yaxud da iqtisadi islahatlar deyildir. Eyni zamanda, bayaq qeyd etdiyim kimi, Azərbaycanda hökm sürən çox gözəl ictimai-siyasi ab-hava, burada yaşayan bütün millətlərin hüquqlarının qorunması və hər bir insanın, hər bir millətin nümayəndəsinin Azərbaycanda rahat yaşamasıdır.
Bizim ölkəmizin çox zəngin və böyük tarixi vardır. Minilliklər bundan əvvəl Azərbaycanda insanlar yaşayıb yaratmışlar. Bunu əks etdirən tarixi abidələr Azərbaycan dövləti tərəfindən lazımınca qorunur. Biz öz mədəni və tarixi irsimizə çox bağlıyıq. Mədəni irsimizin qorunması üçün çox böyük işlər görürük. Azərbaycan xalqı əsrlər boyu müstəqillikdən məhrum idi. Biz yalnız qısa bir müddət ərzində öz taleyimizi özümüz müəyyən edirdik. Ancaq buna baxmayaraq, bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, ana dilimiz – bu amillər azərbaycanlıları bir millət kimi assimilyasiyadan qorudu və bu gün müstəqil ölkəmizdə Azərbaycan xalqı öz taleyinin sahibidir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdə ölkədə vəziyyət həddindən artıq ağır idi. Həm siyasi böhran, həm iqtisadi böhran, həm də Ermənistanın Azərbaycana qarşı təcavüzü və bunun nəticəsində torpaqlarımızın bir hissəsinin işğal altına düşməsi – bütün bu amillər Azərbaycanda vəziyyətin nə qədər ağır və çətin olduğunu göstərir. Ancaq buna baxmayaraq, biz öz səylərimizlə, işimizlə, Azərbaycan xalqının iradəsi ilə bu çətin və ağır sınaqlardan şərəflə çıxdıq. Bu gün Azərbaycan, demək olar ki, tam şəkildə öz müstəqilliyini təmin edibdir. Azərbaycan müstəqil siyasət aparır. Biz həm iqtisadi, həm də siyasi sahədə çox böyük və əhəmiyyətli nailiyyətlərə nail olmuşuq.
Azərbaycan xalqı rahat yaşayır, təhlükəsizlik, sülh şəraitində yaşayır. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və möhkəmlənməsi istiqamətində çox önəmli addımlar atılmışdır. Ölkəmizdə əsas inkişaf istiqamətləri ilə əlaqədar cəmiyyətdə fikir ayrılığı yoxdur, əksinə, bizim cəmiyyətimiz ümumxalq amalları ətrafında birləşibdir: azərbaycançılıq fəlsəfəsi, müasirlik, öz tarixi köklərimizə, ənənələrimizə bağlılıq. Eyni zamanda, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə çox böyük hörmət vardır. Yəni bizim ölkəmizi bu gün ictimai-siyasi baxımdan şərtləndirən amillər bunlardır.
Müstəqillik əldə olunandan və ölkəmiz dünya birliyinə inteqrasiya edəndən sonra Azərbaycanda müasir siyasi sistem formalaşıbdır. Ancaq bu sistem hələ daha da təkmilləşməlidir. Ölkədə aparılan iqtisadi islahatlar bizim iqtisadi gücümüzü əhəmiyyətli dərəcədə artırmışdır. Son dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından dünya miqyasında birinci ölkədir. Bizim iqtisadiyyatımız son beş il ərzində təxminən üç dəfə artıbdır. Büdcə xərcləri 12 dəfə artıb, sənaye istehsalı böyük dərəcədə artıbdır. Bizim imkanlarımız genişlənibdir. Yoxsulluqla mübarizədə böyük uğurlar əldə edilibdir. Dörd il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşüb və əminəm ki, bu ilin yekunlarına görə daha da aşağı düşəcəkdir.
Azərbaycanda uzun illər ərzində ən böyük və çətin problem olan işsizliklə mübarizə uğurla gedir. Son beş il ərzində 740 mindən artıq yeni iş yeri açılmışdır. Bütün bölgələrdə quruculuq, inkişaf gedir. Bir sözlə, Azərbaycan özünü iqtisadi cəhətdən tam şəkildə təmin edir. Eyni zamanda, bizim enerji sahəsindəki uğurlarımız nəinki ölkə üçün, həm də bölgə üçün çox böyük dəyərdir. Azərbaycanın enerjidaşıyıcıları bu gün Avropa və dünya bazarlarına çıxarılaraq, enerji təhlükəsizliyi məsələlərində müsbət rol oynayır. Bu istiqamətdə Avropa İttifaqı ilə Azərbaycan arasında müvafiq sənədlər imzalanıbdır. Digər beynəlxalq təşkilatlarda fəal iştirak edirik. Enerji təhlükəsizliyini təmin etməklə bağlı Azərbaycanda vaxtaşırı beynəlxalq forumlar keçirilir və bu forumların nəticələri nəinki region üçün, dünya üçün də çox böyük əhəmiyyət kəsb edir.
Bir sözlə, biz gələcəyə çox böyük nikbinliklə baxırıq. Siyasi və ictimai-siyasi vəziyyət baxımından Azərbaycan çox sabit ölkədir və Azərbaycana birbaşa xarici investisiyaların qoyulması bunu əks etdirir. İqtisadi potensialın möhkəmlənməsində uğurlar göz qabağındadır. Eyni zamanda, bütün bu nailiyyətlərə baxmayaraq, Azərbaycanda islahatlar davam etdirilir və etdirilməlidir. Həm siyasi sahədə, həm də iqtisadi sahədə. Çox sevindirici haldır ki, ən böyük maliyyə qurumu olan Dünya Bankı bu il Azərbaycanı dünya miqyasında bir nömrəli islahatçı ölkə kimi tanıyıbdır. Bu onu göstərir ki, bizim islahatlarımız həqiqətən çox cəsarətlidir, uğurludur və əhəmiyyətlidir.
Bununla bərabər, Azərbaycanda maliyyə sektorunda şəffaflığın tam şəkildə təmin olunması istiqamətində böyük addımlar atılıbdır. Keçən il Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Dövlət Neft Fondunu şəffaflığa görə, şəffaflıq işində əldə etdiyi uğurlara görə mükafatla təltif edibdir. Yəni bütün bunlar çox ciddi hadisələrdir. Dünyanın ən böyük beynəlxalq təşkilatlarının Azərbaycana, Azərbaycanda gedən proseslərə verdiyi qiymətdir.
Eyni zamanda, Azərbaycanda dini və milli tolerantlığın, dözümlülüyün yüksək səviyyədə olması və bütün xalqların rahat, mehriban şəkildə yaşaması, əlbəttə ki, bizi daha da gücləndirir. Bax, bu amillər hər bir ölkənin inkişafı üçün çox vacibdir. Mən çox istəyirəm ki, bizim ölkədə bu vaxta qədər əldə olunan nailiyyətlər bundan sonra da uğurla davam etdirilsin. Bunu etmək üçün, əlbəttə ki, bölgədə sülh tam şəkildə bərqərar olunmalıdır.
Biz çox istəyirik ki, Qafqaz regionunda bütün münaqişələr, nəhayət öz həllini tapsın, sülh bərqərar olunsun və beləliklə, bölgədə əməkdaşlıq üçün imkanlar açılsın. Bu, hər bir ölkə üçün çox önəmlidir. Xüsusilə Cənubi Qafqazda baş verən hadisələr bir daha onu göstərir ki, beynəlxalq hüquq normaları tam şəkildə təmin olunmalıdır. Beynəlxalq hüquq normaları pozulduqda, əfsuslar olsun ki, çox ciddi və təhlükəli proseslər baş verir.
Bizim bölgədə ən böyük təhlükə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Uzun illər ərzində bizim torpaqlarımız işğal altındadır. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində, təcavüzkar separatizm nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşübdür. Bu işğaldan əziyyət çəkən 1 milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıbdır. Azərbaycanın ərazi bütövlüyü pozulubdur.
Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon tamamilə işğal altındadır və oradan deportasiya edilmiş soydaşlarımız bundan çox əziyyət çəkirlər. Bu, böyük ədalətsizlikdir.
Birləşmiş Millətlər Təşkilatının qərarları, Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistanın silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan buna əməl etmir. Bu ilin mart ayında BMT-nin Baş Məclisində qəbul edilmiş qərarda qeyd olunur ki, Azərbaycan torpaqları işğal altındadır və bu işğala son qoyulmalıdır. Buna da əməl olunmur. Avropa Şurası hələ bir neçə il bundan əvvəl münaqişə ilə bağlı, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı qətnamə qəbul edibdir. O da icra olunmur. İslam Konfransı Təşkilatı da buna oxşar qərarlar qəbul edibdir. Yəni, bölgədə biz onun şahidi oluruq ki, beynəlxalq hüquq normaları tamamilə pozulur və əfsuslar olsun ki, beynəlxalq təşkilatların, xüsusilə çox mötəbər təşkilatların qərarları icrasız qalır. Bu, bölgədə gedən proseslərə ən böyük təhlükədir.
Biz şübhə etmirik ki, beynəlxalq hüquq normaları tam şəkildə bərqərar olunmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğal olunmuş torpaqlar tezliklə işğalçı qüvvələrdən boşaldılmalıdır.
Bu işğal və hərbi təcavüz, eyni zamanda, bizim mədəni irsimizə də çox böyük ziyan vurubdur. İşğal olunmuş torpaqlarda hər şey dağıdılıbdır. Bunu həm biz deyirik, həm də beynəlxalq təşkilatlar təsdiq edir. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrində monitorinq keçirmişdir. Bu monitorinq əsasında məruzə hazırlanmış və təqdim edilmişdir. Məruzədə göstərilir ki, orada hər şey dağıdılıb, bir dənə salamat bina qalmamışdır. Bütün binalar, bütün tarixi abidələr Ermənistan tərəfindən dağıdılıbdır. Mədəniyyət ocaqları dağıdılıbdır, bizim muzeylərimizdə nümayiş etdirilmiş bütün eksponatlar oğurlanıb, muzeylər talan edilibdir. Əcdadlarımızın qəbirləri, bizim məscidlərimiz dağıdılıbdır. Bütün bunları Ermənistan dövləti edibdir. ATƏT-in faktaraşdırıcı missiyası bütün bunları təsdiqləyib və öz məruzəsində göstəribdir.
Biz isə Azərbaycanda yaşayan bütün xalqların mədəni irsinə, tarixi irsinə çox böyük hörmətlə yanaşırıq. Bakıda və ölkəmizin digər yerlərində qorunub saxlanılan bütün dinlərin məbədləri, abidələri və onların bərpası bunun əyani sübutudur.
Əziz dostlar!
Mən sizi bir daha bu konfransın keçirilməsi münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm ki, biz bu konfransın keçirilməsinə Azərbaycanda çox böyük əhəmiyyət veririk. Əminəm ki, konfransın çox gözəl nəticələri olacaq və bu nəticələr hesabına mədəniyyətlərarası dialoqun möhkəmlənməsi prosesi daha da güclənəcəkdir.
Mən çox istərdim ki, bu gün başlanan “Bakı prosesi” uzunmüddətli olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, konkret fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin. Ümid edirəm ki, sizin müzakirələriniz çox uğurlu olacaq və biz qarşımıza qoyduğumuz məqsədə çatacağıq.
Sizin hamınızı bir daha ürəkdən salamlayır, konfransın işinə uğurlar arzulayıram!
Sonra Avropa Şurasının baş katibi Terri Devisə söz verildi.
- Zati aliləri cənab Prezident!
Xanımlar və cənablar!
Mənim bu gün hamıya ünvanlayacağım sual çox sadədir. Biz dialoqa hazırıqmı? Nazirlər səviyyəsində keçirilən konfransın mövzusu Avropa Şurasının əsas məqsədini əks etdirir. Məhz insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin qorunması və təbliğ olunması, 2005-ci ildə dövlət və hökumət başçılarının 3-cü sammitində təsdiqlədiyimiz kimi, mədəniyyətlərarası dialoq siyasi bir prioritetdir. Lakin Bakıda keçirilən bu konfrans dialoqla bağlı bizi narahat edən bir sıra məsələləri özündə ehtiva edir. Nə üçün? Çünki bu, Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin ilk konfransıdır və bu tədbir Avropa Şurasının coğrafi sərhədləri ilə məhdudlaşmayaraq, qonşu region ölkələrinin nazirlərinin iştirakı ilə təşkil olunmuşdur. Bu, özünü sülhün və dayanıqlı inkişafın əsası hesab olunan mədəniyyətlərarası dialoqda və gələcək fəaliyyətlər üçün birgə mövqedə göstərir.
Bakı, Azərbaycan qeyri-adi bir məkandır. Bura tarix boyu müxtəlif mədəniyyətlərin qovuşma nöqtəsi, Şərq və Qərb, Şimal və Cənub arasında təbii bir körpü olubdur. Bu, çox xüsusi tədbirdir, çünki bu ilin may ayında Avropa Şurası özünün mədəniyyətlərarası dialoqa dair “Ağ kitabı”nı yaradıbdır. Bu, əsas qanunlar sənədinin hazırlanmasından sonra nazirlər səviyyəsində ilk konfransdır və biz bunun necə həyata keçirilməsini düşünməliyik. Dialoqdan dialoq haqqında və dialoqa. Bu səbəbdən mən Azərbaycan Prezidenti cənab İlham Əliyev, Avropa Şurası Nazirlər Komitəsinin İspaniyadan olan rəhbəri, habelə YUNESKO, ALEKSO və İSESKO-dan olan hörmətli həmkarlarımla birgə burada olmağımdan çox məmnunam. Deməliyəm ki, mədəniyyətlərarası dialoq İspaniyanın sədrlik etdiyi Nazirlər Komitəsinin prioritet məsələlərindən biridir. Təsadüfi deyil ki, Bakıdakı konfrans bir həftədən də az bir müddət öncə İspaniyanın Avropa Şurasına sədrliyə başlamasından sonra keçirilən ilk tədbirdir. Biz burada təcrübə mübadiləsi aparmaq və birgə irəliləyişə nail olmaq üçün bir araya gəlmişik. Biz hamımız çoxmillətli cəmiyyətlərdə bu və ya digər yolla, mədəniyyətin müxtəlifliyinə daha da meyilliyik. Bir çox hallarda təbii müxtəliflik ətraf mühit üçün nə qədər vacibdirsə, mədəniyyət müxtəlifliyi də bəşəriyyət üçün bir o qədər vacibdir. Lakin biz hələ də bəzi hallarda milli, etnik, linqvistik stereotiplər haqqında düşünürük.
Davamlı mədəniyyətlərarası dialoq cəmiyyətlərimizin içərisində ehtiyac duyduğumuz bir sosial möhürdür. Bu dözümsüzlüyə, parçalanmaya və zorakılığa qarşı bir müalicə vasitəsidir. Dialoq təkcə ideologiya deyil, həmçinin müəyyən siyasi kontekstlərdən irəli gələn süni yanaşmalar üçün bir reseptdir. Lakin biz müxtəlifliyin dəyərləndirildiyinə və müxtəlif fərdlərin bir-biri ilə ümumi ünsiyyət qurduğuna və insanların dialoq aparmaq üçün imkanlarının olduğuna əmin olsaq, onda hamımız, gələcək nəsillər üçün qarşılıqlı hörmət, ədalət və təhlükəsizlik şəraitində daha yaxşı dünyada yaşamaq imkanı olar. Mədəniyyət bu istiqamətdə bir yardımçıdır.
Mədəniyyət hissiyyatımızı, bir-birimizi görmək, görüşmək və anlamaq qabiliyyətimizi qidalandırır və bu işdə ürəyimiz, idrakımız və bədənimiz əlaqəlidir. Bu səbəbdən, yaxşı qanunlar bir çox bu cür mədəniyyətlərarası məkanlara və imkanlara şərait yaradır. Bizim yerində və spesifik olmağımız xüsusilə vacibdir. İnsanların bir-biri ilə ünsiyyət qurması həmişə yaxşıdır, lakin mədəniyyətlərarası dialoq beynəlxalq seminarlarda xeyriyyəçilik səviyyəsinə endirilməməlidir. Məqsəd real həyatda real insanlar arasında real problemlər haqqında dialoqun qurulmasına sövq etməkdir. Fəaliyyətimizin meyarları keçirilən beynəlxalq konfransların sayı və ya hazırlanan kitabçalarla deyil, insanların həyat tərzinə, evdə, məktəbdə, işdə, küçədə, məsciddə, kilsədə və ya sinaqoqda üzləşdikləri problemləri necə həll etdiklərinə təsir göstərməklə ölçülür.
Zati aliləri cənab Prezident!
Xanımlar və cənablar!
Mən bütün insanlar arasında bərabər hörmət, insan hüquqları, qanunun aliliyi və demokratik prinsiplər olmadan həyata keçməsi mümkün olmayan bu dialoqa cəlb edilməyinizi istəyirəm. Bu dəyərlər qarşılıqlı hörmət və anlaşmanı təmin edir və bu, dialoqun gücün arqumenti ilə deyil, arqumentin gücü ilə idarə olunmasını təmin etmək üçün çox əhəmiyyətlidir. Təşəkkür edirəm.
Hörmətli sədr, icazə verin, konfrans iştirakçılarının diqqətinə çatdırım ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu konfrans əlamətdar hadisədir. Lakin son bir neçə saat ərzində bu, daha da əlamətdar oldu. Çünki bildyiniz kimi, Prezident Əliyev ilk dəfə baba olmuşdur. Prezident Əliyev ikiqat baba olmuşdur. Təsəvvür edirəm, əkiz nəvələr. Siz ikiqat mükafatlandırılmısınız. Sizi bir daha konfrans iştirakçıları adından təbrik edirəm.
X X X
Avropa Şurasının baş katibi Prezident İlham Əliyevə gül dəstəsi təqdim etdi.
X X X
Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi:
-Təbriklərə görə təşəkkür edirəm. Dünən mənim və ailəm üçün çox xoşbəxt bir gün oldu. Bizim qızımız iki gözəl oğlan uşağını dünyaya bəxş etdi. Bu təbriklərə görə sizə təşəkkür etmək istəyirəm. Bütün Azərbaycan və dünya uşaqlarına cansağlığı və xoşbəxtlik arzulayıram.
X X X
Sonra çıxış edən Avropa Şurası Nazirlər Komitəsinin İspaniyadan olan rəhbəri Gilyermo Koral Van Damm bildirdi ki, Bakıda keçirilən konfrans mədəniyyətlərərası dialoqla bağlı ideyaların irəli sürülməsi və müzakirəsi baxımından mühüm mərhələ olacaqdır.
Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin nümayəndəsi Farid Muxametşin Azərbaycanın Avropa strukturlarında fəal rolunu vurğuladı. O, mədəniyyətlərarası dialoqda fəallığın artırılmasının əhəmiyyətindən danışdı.
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi, Milli Məclisin deputatı Rafael Hüseynov çıxışında dedi ki, gələn il Avropa Şurasının 60 illiyidir. Azərbaycan isə bu təşkilatda 8 ildir təmsil olunur. “Mədəniyyətlərin ali məqsədi insanları və xalqları bir-birinə daha da yaxınlaşdırmaq üçün körpüdür” - deyən Rafael Hüseynov vurğuladı ki, dünyanın gələcək inkişafı məhz bu cür dialoq üzərində qurulmalıdır.
ALEKSO-nun baş direktoru Mongi Busnina rəhbərlik etdiyi təşkilatda 22 dövlətin təmsil olunduğunu dedi. O bildirdi ki, ALEKSO da mədəniyyətlərarası dialoqda mühüm nəticələr əldə etmişdir.
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri isə diqqəti Şərqlə Qərb arasında mədəni dialoqun əldə olunmasına cəlb etdi. Bildirdi ki, indi dünyanın vacib mövzularından olan bu məsələyə İSESKO da öz töhfələrini verir.
Əbdüləziz bin Osman əl-Tüveycri mədəniyyətlərarası dialoqda xidmətlərinə görə Avropa Şurasının baş katibi Terri Devisin İSESKO-nun qızıl medalına layiq görüldüyünü bildirdi və medalı ona təqdim etdi.
YUNESKO-nun Mədəniyyət siyasəti və beynəlxalq dialoq bölməsinin direktoru xanım Katerina Stenou da Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu bildirdi. O vurğuladı ki, Avropa Şurasının üzvü olan ölkələrin mədəni dəyərləri dialoqun əldə olunmasında mühüm vasitədir.
Çıxış edənlər belə bir ümumi fikir söylədilər ki, Avropa və qonşu regionların mədəni inteqrasiyasına əsaslanan “Bakı prosesi” ölkələrarası dialoqun praktik inkişafı, yeni, real və səmərəli fəaliyyət mexanizminin müəyyənləşdirilməsi, müxtəlif sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun təşviqinə yönələn tədbirlərin həyata keçirilməsi sahəsində müstəsna imkanlara malikdir.
Xüsusi vurğulandı ki, konfransın mövzusu, iştirakçıların tərkibi, əhatə etdiyi regionların miqyasına görə Avropa və İslam ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda ilk beynəlxalq tədbirdir. Bu tədbirin uğurlu nəticələrindən asılı olaraq yaranacaq yeni format gələcəkdə beynəlxalq əhəmiyyətli tədbirlər üçün də nümunə ola bilər.
Daha sonra Azərbaycan Uşaq Xoru konfrans iştirakçıları qarşısında çıxış etdi.
X X X
Sonra konfransda nazirlərin “Mədəniyyətlərarası uyğunluqlar haqqında” mövzusunda “dəyirmi masa”sı keçirildi.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Avropa Şurasının beynəlxalq mədəniyyətlərarası əlaqələndiricisi xanım Qabriella Batteni-Draqoni, BMT-nin sivilizasiyaların ittifaqı ofisinin direktoru Mark Şuer və başqaları mövzu ilə bağlı fikirlərini açıqladılar.
Onlar beynəlxalq mədəni əməkdaşlığın ən müxtəlif aspektlərinə nəzər salaraq vurğuladılar ki, Avropada və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin imkanlarının araşdırılması zərurdir.
X X X
Fasilədən sonra konfransın davamı olaraq, nazirlərin işçi qrupunun “Mədəniyyət siyasəti (proqramlar və təşəbbüslər) və mədəniyyətlərarası dialoq: müxtəlif mədəniyyətlərin idarəedilməsinə dair yeni konsepsiya” mövzusunda birinci, “İrs və mədəniyyətlərarası dialoq - hamımız birgə milli irsdən dünyəvi irsə doğru” mövzusunda ikinci iclasları oldu.Çıxış edənlər Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu bildirərək söylədilər ki, bu tədbir Avropa mədəni proseslərində yeni bir istiqamətin – “Bakı prosesi”nin əsasını qoyacaqdır. Son on il ərzində mədəniyyətlərarası dialoq mədəniyyət məsələlərinə məsul olan nazirlərin, eləcə də hökumətlərin qarşısında prioritet məsələ kimi meydana çıxmışdır. İndi mədəni müxtəlifliyə qarşılıqlı hörmət və hüquqların qorunması elə bir prinsipə çevrilmişdir ki, mədəniyyətlərarası dialoqun qurulması üçün siyasətlər, proqramlar və yeni konsepsiyalar buna əsaslana bilər.
Millətlərin bütün dəyərlərini göstərən milli irs xalqlar və insanlar arasında mədəniyyətlərarası dialoqa, habelə regionların davamlı inkişafına rəvac verən bir vasitədir.
Konfrans dekabrın 3-də işini davam etdirəcəkdir.
AzərTAc xəbər verir ki, Azərbaycan hökumətinin və Avropa Şurasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı dekabrın 3-də başa çatmışdır.
Avropa Şurasının üzvü olan, habelə müşahidəçi ölkələrin, Avropa Mədəniyyət Konvensiyasını imzalamış dövlətlərin, Avropanın qonşu regionlarını təmsil edən ölkələrin, Avropa Komissiyasının və YUNESKO-nun, İSESKO-nun, Ərəb Dövlətləri Liqası ölkələrinin Elm, Mədəniyyət və Təhsil Təşkilatının (ALEKSO) yüksək vəzifəli rəsmilərinin, müxtəlif fondların və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, ümumən 250-dən çox nümayəndənin iştirak etdikləri konfransın ikinci iş günündə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakçılara müraciəti çatdırıldı. Müraciətdə vurğulanır ki, Şərqlə Qərbin qovuşuğunda yerləşən bir ölkə kimi çoxmədəniyyətli Azərbaycan mədəniyyətlərarası dialoqun inkisafına daim öz töhfəsini vermişdir. Fondun prezidenti əmin olduğunu bildirir ki, ölkəmizdə keçirilən konfrans mədəniyyətlərarası dialoqun təşviq olunmasında yeni bir mərhələnin başlanmasına, habelə Avropa və onun qonşu regionlarını təmsil edən dövlətlərin bu əməkdaşlıq prosesinə yaxından cəlb edilməsinə səbəb olacaqdır. Bu proses dialoq sahəsində daha çox praktik fəaliyyətləri özündə əks etdirəcək, həm dövlətlər, həm də beynəlxalq təşkilatlar arasında daha konstruktiv əməkdaşlığın yaranmasına və inkişafına gətirib çıxaracaqdır.
Konfransda tədbirin birinci gününün yekunları müzakirə olunmuşdur.
Bildirilmişdir ki, Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin bu toplantısı yekun deyil, yeni əməkdaşlıq prosesinin başlanğıcıdır. Avropa və onun qonşu regionlarının mədəni inteqrasiyasına əsaslanan Bakı prosesi ölkələrarası dialoqun praktik inkişafı, yeni, real və səmərəli fəaliyyət mexanizminin müəyyənləşdirilməsi, müxtəlif sivilizasiyalar arasında dialoqun təşviqinə yönələn tədbirlərin həyata keçirilməsi sahəsində geniş imkanlara malikdir.
Bildirilmişdir ki, konfrans mövzusuna, iştirakçıların tərkibinə, əhatə etdiyi regionlara və miqyasına görə Avropa və müsəlman ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda ilk belə beynəlxalq tədbirdir. Konfransda müxtəlif qitələrin və dinlərin nümayəndələrinin təmsil olunması dövlətlərarası və təşkilatlararası mədəni əməkdaşlıq münasibətlərinin yeni mexanizmini formalaşdırır.
Avropa Şurasının Mədəniyyət, mədəni və təbii irs üzrə direktorluğunun rəhbəri Robert Palmer vurğulamışdır ki, dialoq digərini dinləmək bacarığıdır. Bu konfrans real dialoq nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə keçirilən konfransda beynəlxalq mədəni əməkdaşlığın müxtəlif aspektlərinə nəzər salınmış, Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin imkanları araşdırılmışdır.
Respublika mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan tərəfindən əsası qoyulan “Sənətçilər dialoq naminə” layihəsi haqqında məlumat vermiş, digər dövlət və beynəlxalq təşkilatları bu təşəbbüsə qoşulmağa çağırmışdır.
S.Məmmədəliyeva demişdir ki, müxtəlif ölkələrin sənətçiləri arasında mübadilənin aparılması məqsədi daşıyan layihə ilə bağlı xüsusi isçi qrupu da yaradılacaqdır. O, konfransda təmsil olunan dövlətləri Bakıda keçirilən beynəlxalq mədəni tədbirlərə, o cümlədən “Sərq-Qərb” və caz festivallarında iştiraka dəvət etmişdir.
Mədəniyyət layihələrinin bəşəriyyət üçün əhəmiyyətini vurğulayan İordaniyanın mədəniyyət naziri Nensi Bəkir Bakı toplantısının insan dəyərlərinin açıqlanmasında böyük rol oynadığını bildirmişdir. O demişdir ki, əgər hamı səyləri birləşdirsə, sivilizasiyalararası toqquşmaların qarşısı alınar.
Malayziyanın mədəniyyət nazirinin müavini Bun Sun Tenq ölkəsinin mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən danışmış, bu işdə tolerantlığa və təhsilə xüsusi önəm verildiyini bildirmişdir.
Mədəniyyətlərarası dialoq vasitəsi kimi təhsilə diqqətin vacibliyini vurğulayan Niderland təmsilçisi Yan Kornelis Henenman Bakı konfransının sivilizasiyalararsı dialoqun inkişafına töhfəsini vurğulamış, tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkür etmişdir.
Avstriyanin federal təhsil, incəsənət və mədəniyyət naziri Norbert Ridl isə konfransın əhəmiyyətini vurğulayaraq demişdir ki, biz “Bakı prosesi”ni” artıq əməli işlərlə davam etdirə bilərik.
Avropa Şurasının “Aralıq dənizində mədəniyyət” proqramının direktoru Fifi Benaboud konfransda təmsil olunan dövlətləri Aralıq dənizinin şimal və cənubu ilə əməkdaşlığa dəvət etmişdir.
AzərTAc xəbər verir ki, Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda Bakı konfransının başa çatması ilə əlaqədar dekabrın 3-də mətbuat konfransı keçirilmişdir.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, Bakı konfransına uzun müddət hazırlıq prosesi getmişdir. Bu işdə Azərbaycan hökuməti və Avropa Şurası birgə çalışmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin konfransda geniş nitq söylədiyini xatırladan nazir demişdir ki, dövlətimizin başçısı bu konfransın keçirilməsi ilə bağlı xüsusi Sərəncam imzalamış və müvafiq tapşırıqlarını vermişdi. Bundan əlavə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da konfransın təşkilinə dəstək vermiş, iştirakçılara müraciət göndərmişdi.
Ə.Qarayev iştirakçılar haqqında da məlumat verərək bildirmişdir ki, konfransda 48 ölkənin nümayəndələri təmsil olunmuşdur. Onların arasında nazirlər, nazir müavinləri, beynəlxalq təşkilatların rəhbərləri, habelə dünyanın görkəmli alimləri, yazıçılar, Nobellər ailəsinin üzvləri var idi.
İkigünlük konfransın sonunda yekdilliklə qəbul edilmiş Bakı Bəyannaməsinə toxunan nazir sənədin dünyanı mədəniyyətlərarası dialoqun genişləndirilməsinə çağıran yeni bir müraciət olduğunu demişdir. Konfransda belə bir yekdil fikir səslənmişdir ki, Bakı Bəyannaməsi sözdə qalmamalı, növbəti mərhələdə bu sənədin icrasına, yeni təşəbbüslərin, layihələrin həyata keçirilməsinə səy göstərilməlidir.
Ə.Qarayev konfransın keçirilməsində dəstəyinə və müzakirələrdə iştirakına görə Avropa Şurasının baş katibi Terri Devisə təşəkkürünü bildirmişdir.
Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edən Avropa Şurasının nümayəndəsi xanım Qabriella Battaini-Draqoni demişdir ki, biz burada mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işində Azərbaycanın iradəsinin bir daha şahidi olduq. Azərbaycan bu işə böyük diqqət yetirir və buna görə hökumətə təşəkkürümüzü bildiririk. Ətraflı fikir mübadiləsinin aparıldığı konfransda qəbul olunmuş Bəyannamə bizim gələcək fəaliyyətimizi əks etdirir.
Baxış sayı: 1
Açar sözlər:
AZƏRBAYCAN, TÜRKİYƏ VƏ TÜRKMƏNİSTAN PREZİDENTLƏRİNİN ÜÇTƏRƏFLİ GÖRÜŞÜ
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 29-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Abdullah Gülün və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun üçtərəfli görüşü olmuşdur.
Dövlət başçıları əvvəlcə birgə foto çəkdirdilər.
Prezident Qurbanqulu Berdiməhəmmədov görüşü açaraq ali qonaqları salamladı, Türkmənistana səfərə gəldiklərinə görə təşəkkür etdi.
Türkiyə Prezidenti Abdullah Gül üç ölkə arasında əlaqələrin yüksək səviyydə olduğunu
bildirdi. O, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin birgə görüşünün əhəmiyyətini vurğuladı.
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV çıxışında dedi:
-Əziz Qurbanqulu Məlikquliyeviç!
Əziz Abdullah Gül!
Bu gün çox gözəl bir gündür. İlk dəfədir ki, üç qardaş ölkənin prezidentləri üçtərəfli görüş keçiririk. Bu görüşə çox böyük əhəmiyyət verirəm. Əminəm ki, görüşün nəticələri çox uğurlu olacaqdır. Bizim aramızda dostluq, qardaşlıq əlaqələrinin möhkəmlənməsi işində bu görüşün çox gözəl nəticələri olacaqdır.
Bizi ortaq tarix birləşdirir, müştərək mədəni köklər birləşdirir. Bu gözəl zəmin əsasında üç müstəqil ölkə öz siyasətini aparır, biz aramızda olan bu gözəl, ənənəvi dostluq, qardaşlıq münasibətlərinin inkişafı üçün çalışırıq.
Mən çox şadam ki, bu gün qardaş Türkmənistan torpağındayam. Dünən mənim rəsmi səfərim də çox uğurlu keçmişdir. Çox mühüm razılaşmalar əldə edilmişdir.
Əminəm ki, bu görüş də çox yaxşı keçəcək və onun çox gözəl nəticələrini görəcəyik.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 29-da Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın dövlət başçılarının üçtərəfli görüşü başa çatdıqdan sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün şərəfinə nahar verilmişdir.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 29-da Azərbaycan, Türkiyə və Türkmənistanın incəsənət ustaları Türkmənbaşı şəhərinin “Ruhiyyət” sarayında konsert proqramı ilə çıxış etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov konsertdə olmuşlar.
AzərTAc xəbər verir ki, noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri başa çatmışdır.
Türkmənbaşı şəhər hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Türkmənistanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıtmışdır.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.
Baxış sayı: 1
Açar sözlər:
Uğurlu Şərq siyasətimiz... Əfqanıstan - Türkiyə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Əfqanıstan Milli Assambleyasının sədri Məhəmməd Yunis Qanuninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Əfqanıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı, əməkdaşlığın siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.
Qarşılıqlı əməkdaşlığın möhkəmlənməsində parlamentlərarası əlaqələrin önəminə toxunan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, nümayəndə heyətinin ölkəmizə bu səfəri Azərbaycan-Əfqanıstan münasibətlərinin inkişafı üçün mühüm addım olacaqdır.
Məhəmməd Yunis Qanuni iki ölkə arasındakı dostluq əlaqələrindən məmnunluğunu söylədi. O, Azərbaycan xalqının tərəqqisində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğuladı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini bildirdi. Qonaq dedi ki, Azərbaycanla münasibətlər Əfqanıstanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Məhəmməd Yunis Qanuni iki ölkə arasında əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı səfərlərin böyük əhəmiyyəti olduğunu bildirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Türkiyənin xarici işlər naziri Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Əlaqələrimizin çoxşaxəli olduğunu qeyd edən Prezident İlham Əliyev bu əlaqələrin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirdi. Bu yaxınlarda Türkiyə Prezidenti Abdullah Güllə bərabər Türkmənistanda səfərdə olduğunu və çox yaxşı görüşlər keçirildiyini xatırlayan dövlətimizin başçısı münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm əhəmiyyət daşıdığını bildirdi. Əməkdaşlığımızın perspektivləri ilə bağlı müzakirələr aparmaq üçün müxtəlif səviyyəli səfərlərin önəmini qeyd edən Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, qonağın ölkəmizə bu səfəri də əlaqələrimizin daha da inkişaf etdirilməsi işində öz müsbət rolunu oynayacaqdır.
Nazir Əli Babacan Azərbaycanla əlaqələrin müstəsna əhəmiyyət kəsb etdiyini dedi. O, ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğuladı. Əli Babacan əlaqələrimizin siyasi, iqtisadi və bütün digər sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.
Baxış sayı: 1
Açar sözlər:
TÜRKMƏNİSTANDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ SAYĞI VƏ SEVGİ GÖSTƏRİLDİ
Noyabrın 28-də Məxdumqulu adına Türkmənistan Dövlət Universitetində Azərbaycan Prezidenti İlham Əliyevə bu ali məktəbin Fəxri professoru adı verilməsinə həsr edilmiş mərasim keçirilmişdir.
Türkmənistanın təhsil naziri Məhəmmədgəldi Annaamanov, universitetin rektoru Çaryad Tugiyev Azərbaycan Prezidentini səmimiyyətli qarşıladılar. Dövlətimizin başçısına gül dəstəsi təqdim edildi.
Prezident İlham Əliyev əvvəlcə universitetin foyesində açılmış, Türkmənistanın tarixini və
bugünkü həyatını əks etdirən fotosərgi ilə tanış oldu. Azərbaycan Prezidentinə məlumat verildi ki, 1931-ci ildə pedaqoji institut kimi yaradılmış bu universitet hazırda Türkmənistanın ən nüfuzlu ali məktəbidir. Onun bazasında bir sıra ali məktəblər yaradılmışdır. İndiyə qədər burada 55 mindən artıq mütəxəssis hazırlanmışdır. Universitetin kitabxanasında 600 min nüsxədən çox kitab vardır.
Universitetin akt salonunda keçirilən mərasimə toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi sürəkli alqışlarla qarşıldılar.
Universitetin rektoru ÇARYAD TUGİYEV mərasimi açaraq dedi:
-Cənab Prezident! Hörmətli İlham Heydər oğlu!
Azərbaycan hökumət nümayəndə heyətinin hörmətli üzvləri!
Əziz həmkarlar!
Ali qonağımızı – Azərbaycan Respublikasının Prezidentini Məxdumqulu adına Türkmənistan Dövlət Universitetində salamlamaq bizim üçün böyük şərəfdir.
Bugünkü gün ali məktəbin tarixinə çox mühüm bir hadisə kimi daxil olacaqdır. Bu hadisə ikitərəfli münasibətlərin yüksələn xətlə inkişafının rəmzidir, cari ilin may ayında bizim çox hörmətli Prezidentimiz Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfərinin gedişində bu münasibətlərə yeni təkan verilmişdir.
Bakıda yüksək səviyyəli Türkmənistan-Azərbaycan danışıqları xalqlarımızın tarixi dostluq və qardaşlıq ənənələrinə sadiqliyini, hər iki ölkənin səmərəli dialoq qurmağa hazır olmasını təsdiq etdi. Çox hörmətli Prezidentimiz Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun fəxri doktoru olduğu Bakı Dövlət Universitetində həmkarlarımızla səmimi görüş də yadımızdadır.
Bu gün isə Aşqabad azərbaycanlı yüksək qonaqları qəbul edir. Yüksək səviyyədə danışıqlar indicə uğurla başa çatmışdır və dövlət başçıları arasında əldə edilmiş razılaşmalar Türkmənistan-Azərbaycan əməkdaşlığının hər iki ölkənin potensialına və xalqlarımızın mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək istəklərinə cavab verən yeni səviyyəsindən xəbər verir. Humanitar sahədə, ilk növbədə, Türkmənistanın dövlət siyasətinin strateji prioritetlərindən biri olan təhsil və elm sahəsində əlaqələr Türkmənistanla Azərbaycanın əməkdaşlığının mühüm tərkib hissəsidir. Çox hörmətli Prezidentimiz Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədov bu siyasəti belə ifadə etmişdir: Dövlət insan üçündür.
Bizim ali məktəbdə keçirilən indiki görüş də bunu sübut edir. Məxdumqulu adına Türkmənistan Dövlət Universiteti ölkəmizin ən qocaman və ən nüfuzlu ali məktəblərindən biridir. Burada seçdikləri sahənin əsl ustaları olan onlarca elmlər doktoru və elmlər namizədi çalışır. Hazırda bizim ali məktəb özünün ikinci həyatını yaşayır. Çox hörmətli Prezident Qurbanqulu Berdiməhəmmədov məhz burada, bu divarlar arasında ölkəmizin elm və təhsil sahəsində əsaslı dəyişikliklərin təməlini qoymuş ən mühüm sənədləri elan etmiş və imzalamışdır.
Dövlətimizin başçısının rəhbərliyi altında böyük dirçəliş dövründə millətin intellektual potensialını maksimum reallaşdırmaq üçün bütün zəruri şərait yaradılır. Bu gün Türkmənistan Dövlət Universiteti millətimizin liderinin təşəbbüsü ilə başlanmış elm və təhsil sahəsində islahatın uğurla həyata keçirilməsinə ən parlaq nümunələrdən biridir.
Təkcə son iki ildə bizdə təhsil alan tələbələrin sayı xeyli artmışdır. Yeni vəzifələrə müvafiq olaraq, tədris proqramları və planlarına təzədən baxılmış, yeni ixtisaslar açılmışdır, elmi kadrların, aspirantların və doktorantların hazırlanması sahəsində fəal iş gedir. Ali məktəbdə qabaqcıl texnologiyaların tətbiqi məsələlərinə xüsusi diqqət yetirilir. Məsələn, universitetin fizika-riyaziyyat mərkəzində fundamental və tətbiqi xarakterli elmi tədqiqat işləri aparılır. Mərkəzin alimləri ultrabənövşəyi və görünən diapazonda şüalanma spektrinin yüksək effektivliyə malik fotoqəbuledicilər yaradırlar. Onların əsasında kənd təsərrüfatı, ekologiya və təbabət sahəsində qarşıya çıxan məsələlərin həlli üçün uğurla tətbiq edilən ölçmə cihazları hazırlanmışdır.
Burada Elmi Tədqiqat Neft və Qaz İnstitutu ilə birlikdə layların neft və qaz verməsinin artırılması probleminə dair aktual araşdırmalar aparılır. Cari tədris ilinin əvvəlində Türkmənistan Dövlər Universitetinin fizika-riyaziyyat fakültəsinin yeni korpusu açılmışdır. Elmin və texnikanın son nailiyyətləri səviyyəsində təchiz olunmuş bu korpus müəllimlərin və tələbələrin çox mürəkkəb tədqiqatlar, elmi təcrübələr və eksperimentlər aparmasına imkan verir. Fakültənin güclü teleskopla təchiz olunmuş rəsədxanası isə səma cisimlərini dərindən cidi şəkildə və öyrənməyə şərait yaradır.
Bizim ali məktəbin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri beynəlxalq əməkdaşlığı genişləndirmək, dünyanın aparıcı elm və təhsil mərkəzləri ilə, başqa ölkələrdən olan həmkarlarımızla təcrübə mübadiləsi aparmaqdır. Avropa İttifaqı ölkələri ilə müştərək proqramların həyata keçirilməsi təhsil sahəsində uğurla həyata keçirilən beynəlxalq əməkdaşlığa misaldır. Bu proqramlardan biri - “Avropa təcrübəsi, ali təhsilin vəziyyəti və onun keyfiyyətinin artırılması istiqamətləri” layihəsi Kataloniya Politexnik Universitetinin, Qrenobldakı Milli Politexnik İnstitutunun və Türkmənistan Dövlət Universitetinin müəllimlərinin birgə işinin yekunudur.
Hazırda Rusiya və Türkiyə alimləri ilə əlaqələrimiz səmərəli inkişaf edir, Amerika Birləşmiş Ştatlarının ali məktəbləri – Kolumbiya və Texas universitetləri ilə sıx elmi əlaqələr yaradılmışdır. Bu işin əsas məqsədi beynəlxalq təcrübəni dərindən mənimsəmək, ölkəmizin və dünya elminin son nailiyyətlərini, qabaqcıl informasiya texnologiyalarını öyrənmək və tədris prosesinə tətbiq etmək, öz milli metodikamızı dünyada tanıtmaqdır.
Hörmətli İlham Heydər oğlu!
Türkmənistan Prezidenti yanında Elm və Texnika üzrə Ali Şura Sizin Türkmənistan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə, müasir elmin və təhsilin inkişafına böyük töhfənizi nəzərə alaraq, Məxdumqulu adına Türkmənistan Dövlət Universiteti Elmi Şurasının təqdimatına əsasən, sülhün və siyasi sabitliyin möhkəmlənməsinə, Türkmənistanla Azərbaycan arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına, Türkmənistanla Azərbaycan Respublikası arasında humanitar sahədə, təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfənizə görə Sizə Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru adı verilməsini qərara almışdır.
Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə yüksək elmi ad - Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru adı verilməsi haqqında diplomu təqdim edim.
X X X
Rektor Azərbaycan Prezidenti İlham Əliyevə universitetin Fəxri professoru diplomunu və milli türkmən geyimini təqdim etdi.
Prezident İlham Əliyev universitetin professor-müəllim kollektivi qarşısında nitq söylədi.
-Əziz dostlar!
Mən, ilk növbədə, əməyimi yüksək qiymətləndirdiyinə, mənə bu universitetin Fəxri professoru kimi yüksək ad verilməsinə görə Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinə dərin minnətdarlığımı bildirmək istərdim.
Sizi əmin etmək istəyirəm ki, mən bundan sonra da öz fəaliyyətimdə iki qardaş xalq – türkmən və Azərbaycan xalqları arasında əlaqələrin möhkəmlənməsinə, ölkələrimizin münasibətlərinin bugünkü kimi dinamik inkişaf etməsinə çalışacağam.
Qonaqpərvər Türkmənistan torpağında olmağıma çox şadam. Bu gün mənim rəsmi səfərim başlanmışdır. Bu səfərin ilk dəqiqəsindən etibarən mən səmimi, mehriban qonaqpərvərliyi hiss edirəm. Bu gün biz çox hörmətli Türkmənistan Prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovla ölkələrimiz arasında ikitərəfli münasibətlərin geniş spektrini müzakirə etdik. Biz həmçinin regional məsələləri, öz həllini tələb edən məsələləri müzakirə etdik və əlaqələrimizin inkişafından ümumi razılığımızı bildirdik.
Bizim münasibətlərimizin inkişafı üçün çox möhkəm təməl mövcuddur. Bu təməl bizim ortaq tariximiz, bizim mədəniyyətimizdir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu qardaşlıq, dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar. Biz iki müstəqil dövlət arasında münasibətləri bu möhkəm tarixi təməl üzərində qururuq.
Ölkələrimizin müstəqil dövlətlər kimi təşəkkülü dövrü çox uğurlu olmuşdur. Bu gün sözün tam mənasında deyə bilərik ki, həm Türkmənistan, həm də Azərbaycan özlərinin müstəqil dövlətlər kimi təşəkkülü yolunda əsas məsələləri həll etmişdir. Bu gün ölkələrimizdə ictimai-siyasi sabitlik, xalqla iqtidar arasında birlik, çox möhkəm iqtisadi zəmin mövcuddur. Biz özümüzü təmin edən ölkələrik və bizi birləşdirən daha bir amil müstəqil siyasət, müstəqil xətt yeritməyə qadir olmağımız, bunun üçün iradəmizin olmasıdır. Bizim münasibətlərimizin möhkəmlənməsində çox böyük rol oynayan əsas prinsiplər bunlardır.
Bu gün biz həm siyasi, həm iqtisadi əlaqələri, humanitar sahədə, nəqliyyat və energetika sahələrində əlaqələri, bizi birləşdirən çoxsaylı başqa mövzuları müzakirə etdik. Əməkdaşlığımızla bağlı çox məsələlərin həllinə yanaşmalarımız tamamilə eynidir. Əmtəə dövriyyəsi artır, son dövrdə o, bir neçə dəfə artmışdır. Çox qısa müddətdə iqtisadi xarakterli bir sıra məsələlər həll olunmuşdur. Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik. Energetika sahəsində əməkdaşlıq üçün də yaxşı potensial mövcuddur. Ölkələrimiz özlərinin enerji təhlükəsizliyini tam təmin etmişdir və başqa dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir.
Bu amillər ölkələrimiz arasında münasibətlərdə mühüm rol oynamaqla bərabər, həm də bizim regionda – Mərkəzi Asiya, Qafqaz, Xəzər hövzəsi regionunda proseslərə müsbət təsir göstərir. Buna görə də mən dərin məmnunluq hissi ilə qeyd edirəm ki, son bir neçə ayda Türkmənistan və Azərbaycan rəhbərliyi arasında siyasi təmaslar tamamilə yeni səviyyəyə çıxmışdır. Bu gün mən artıq bu barədə demişəm və bir daha demək istəyirəm ki, bu ilin mayında Türkmənistan Prezidentinin ölkəmizə rəsmi səfəri, aparılmış danışıqlar, imzalanmış sənədlər bu əlaqələrə güclü təkan vermişdir. Ən başlıcası isə odur ki, imzalanmış sənədlər artıq reallaşdırılır və bu gün biz nəzərdə tutduğumuz, qərara aldığımız məsələlərin praktik şəkildə gerçəkləşməsini görürük.
Bunlar bir daha göstərir ki, münasibətlərimizin möhkəmlənməsi üçün çox güclü siyasi iradə vardır. Bir daha vurğulamaq istəyirəm ki, bunun üçün çox möhkəm, güclü tarixi təməl mövcuddur. İndi ölkələrimizin sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra məsələlərin uğurla həll edildiyi bir vaxtda biz gələcəyə baxırıq ki, ölkələrimizi daha da yaxınlaşdırmaq, iqtisadi inteqrasiyanı, siyasi dialoqu daha da möhkəmlətmək üçün, ölkələrimizin vətəndaşlarının bir-birini daha yaxşı tanımaları üçün daha nə etmək lazımdır.
Bu məqsədlə gələcəkdə insanlarımızın bir-birini daha yaxşı tanıması, dostlaşması üçün bu gün müxtəlif mədəni tədbirlər, mədəni mübadilələr, ölkələrimizin mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətlərinin mübadiləsini təşkil etmək qərara alınmışdır.
Mən xalqlarımızın dillərində oxşar cəhətlərin lap çox olmasını qeyd etmək istəyirəm. Əlbəttə, mən bunu bilirdim, təbii ki, bu barədə eşitmişdim və bu gün buna şəxsən əmin oldum. Aşqabadda obyektlərin, binaların üzərindəki yazıları oxuyanda tərcüməçi lazım deyil. Bu gün, biz bu salona daxil olandan əvvəl universitetin gənc tələbələri mənə kompyuter proqramlarını göstərdilər. Orada türkmən dilində yazılmış mətni başa düşmək üçün də mənə tərcüməçi lazım deyildi, hər şeyi başa düşürdüm. Bu, çox böyük sərvət, çox böyük dəyərdir. Bu, bizim xalqlarımızın bir-birinə nə qədər yaxın olmasını, ünsiyyət saxlamağımızın nə qədər asan olmasını göstərir. Ona görə də biz bu münasibətləri öz əməllərimizlə, konkret addımlarımızla, təşəbbüslərimizlə möhkəmlətmək üçün hər şeyi etməliyik. Bir daha demək istəyirəm, bu münasibətlər bizim xalqlarımız üçün, tariximiz üçün vacibdir, bu, həm də əsrlər boyu dost və qardaş kimi birgə yaşamış əcdadlarımızın ruhuna ehtiram əlaməti olacaqdır. Bu, həm də regional əməkdaşlıq üçün yaxşı amil olacaqdır.
Regionda müsbət proseslər də gedir, müəyyən narahatlıq ocaqları da var. Qafqaz regionunda hələ tam sabitlik bərqərar olmamışdır. Regionumuzda etimad tədbirlərini möhkəmlətmək üçün hələ çox iş görülməlidir. Bizim yerləşdiyimiz region son vaxtlar get-gedə dünya üçün daha böyük maraq doğurur. Mərkəzi Asiya, Qafqaz, Xəzər hövzəsi zonası bu gün həm geosiyasi, həm iqtisadi, həm də enerji baxımından, enerji ehtiyatlarının nəqlinin şaxələndirilməsinin, enerji müstəqilliyinin və enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük maraq doğurur.
İndiki halda Türkmənistanın və Azərbaycanın zəngin təbii ehtiyatları, ölkələrimizin öz enerji potensialını müstəqil şəkildə reallaşdıra bilməsi, əlbəttə, ölkələrimiz qarşısında yeni perspektivlər açır, habelə əməkdaşlıq, iqtisadi əlaqələrin möhkəmlənməsi üçün, həm regionda, həm də dünyada mövqelərimizin möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Əminəm ki, gələcəkdə bizim regionda, həm də təkcə burada yox, onun hüdudlarından kənarda da inteqrasiya, energetika, nəqliyyat layihələri, başqa layihələr və proseslər xeyli dərəcədə Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin səviyyəsindən asılı olacaqdır. Bizim münasibətlərimizdə olan müsbət ovqat, birgə işləmək, birgə təşəbbüsləri həyata keçirmək, əməkdaşlıq etmək arzumuz və ən başlıcası, bu əməkdaşlığın konkret nəticələri nikbinlik doğurur. Mən əminəm ki, Türkmənistanla Azərbaycan arasındakı qardaşlıq, dostluq münasibətləri gələcəkdə daha da möhkəmlənəcək, xalqlarımız bir-birinə daha yaxın olacaq, bu isə həm ölkələrimizin inkişafına, həm də regional əməkdaşlığa kömək edəcəkdir.
Mən bu gün bu ali məktəbdə ölkələrimizin gələcəyi üçün təhsilin əhəmiyyəti barədə də bir neçə söz demək istərdim. Bu gün Türkmənistanda sizin ölkənin rəhbərliyinin və şəxsən Prezidentin təhsillə bağlı məsələlərə qayğı göstərməsini görmək mənim üçün çox xoş oldu. Təhsil gələcək deməkdir, təhsil intellektdir, təhsil inkişafdır. Dünyanın heç bir ölkəsi öz intellektual potensialını reallaşdırmadan uğurla inkişaf edə bilməz.
Əgər biz dünyanın inkişaf etmiş ölkələrinin tarixinə və təşəkkül yoluna nəzər salsaq görərik ki, inkişaf üçün əsas təkan məhz intellektual potensial, təhsilin inkişaf səviyyəsi, müasir texnologiyaların inkişaf səviyyəsi olmuşdur. Bu gün Türkmənistanda təhsil məsələlərinə çox böyük əhəmiyyət verildiyini görmək mənə çox xoşdur. Bizim ölkədə də eyni hadisələr baş verir. Bizdə də bu məsələ prioritet məsələdir, çalışırıq ki, Azərbaycanın bütün vətəndaşlarının, gənclərin keyfiyyətli təhsil almaq, yaxşı mütəxəssis kimi yetişmək imkanı olsun, onlar öz əməli işləri ilə ölkəmizin inkişafına töhfə versinlər.
Biz məktəb tikintisi ilə əlaqədar çox böyük bir proqram həyata keçiririk. Son beş ildə Azərbaycanın müxtəlif bölgələrində ən müasir avadanlıqla təchiz edilmiş 1600 müasir məktəb tikilmişdir. İslahatlara və təhsil prosesinin keyfiyyətinə xüsusi diqqət yetiririk ki, bu proses müasir tələblərə tam uyğun olsun, eyni zamanda, xalqımızın ənənələrinə əsaslansın.
Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli, mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu, bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır. Ölkələrimiz son 17 ildə müstəqildir. O vaxta qədər, əsrlər boyu bizim öz taleyimizi müstəqil şəkildə müəyyən etmək imkanımız olmamışdır. Lakin biz öz milli ləyaqətimizi, milli identikliyimizi və milli ruhumuzu qoruyub saxlamışıq. Bu, çox cəhətdən bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, bizim dilimiz, bizim böyük alim və mütəfəkkirlərimiz sayəsində mümkün olmuşdur. Bu, çox böyük, heç bir şeylə müqayisə edilə bilməyəcək sərvətdir.
Mən qəti əminəm ki, hər bir ölkənin gələcəyi daha çox təhsilin keyfiyyətindən asılıdır. Ona görə də bu gün bu yüksək mükafatı – Türkmənistan Dövlət Universitetinin Fəxri professoru diplomunu almaq mənə çox xoşdur və əməyimi bu cür qiymətləndirdiyinizə görə sizin hamınıza bir daha dərin təşəkkürümü bildirmək istəyirəm.
Mən bizi dəvətə görə, səmimi qəbula görə, Türkmənistan Prezidentinə, bizə göstərilən qonaqpərvərliyə görə qardaş Türkmənistanın bütün vətəndaşlarına təşəkkür etmək istəyirəm. Əminəm ki, ölkələrimizin gələcəyi də bugünkü günümüz kimi gözəl və xoşbəxt olacaqdır. Öz tərəfimdən sizin hamınızı bir daha əmin etmək istəyirəm ki, mən öz fəaliyyətimdə Türkmənistanın və Azərbaycanın qardaş xalqlarının bundan sonra da dostluq, həmrəylik şəraitində yaşaması, əlbir işləməsi, ölkələrimizin və xalqlarımızın inkişafı üçün yeni şərait yaratması naminə əlimdən gələni edəcəyəm.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
ÇARYAD TUGİYEV: Hörmətli İlham Heydər oğlu!
İcazə verin, bu yüksək ada layiq görülməyiniz münasibətilə Sizi Məxdimqulu adına Türkmənistan Dövlət Universitetinin professor-müəllim heyəti, aspirantları və tələbələri adından, Türkmənistanın bütün elmi ictimaiyyəti adından səmimi qəlbdən təbrik edim, Sizə möhkəm cansağlığı və iki dost dövlətin daha da yaxınlaşması işində böyük uğurlar arzulayım. Qoy Türkmənistan-Azərbaycan dostluğu möhkəmlənsin!
Xəbər verdiyimiz kimi, noyabrın 28-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil olunmuşdur.
Dövlət başçıları qəbulda nitq söylədilər.
-Hörmətli İlham Heydər oğlu!
Hörmətli dostlar, xanımlar və cənablar!
Mən qonaqlarımızı və ilk növbədə, Azərbaycan Prezidenti hörmətli İlham Heydər oğlunu ən əziz dostlar kimi bizim torpağımızda, qapılarımız sizin üçün, mehriban qonşularımız üçün həmişə açıq olan diyarımızda salamlayıram.
Qardaş Azərbaycanın rəhbərinin bu səfəri, heç şübhəsiz, bizim münasibətlərimizin tarixinə düşəcəkdir. Bu gün biz çox səmərəli və konstruktiv danışıqlar apardıq. Bu danışıqların gedişində ikitərəfli münasibətlərimizin gələcək inkişafı, beynəlxalq siyasətin aktual problemlərinin həllində qarşılıqlı əlaqə ilə bağlı məsələlərin geniş spektri müzakirə edildi, bir sıra mühüm sənədlər imzaladıq.
Mən dərin məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, biz beynəlxalq tərəfdaşlığın bir çox strateji istiqamətləri üzrə baxışlarımızın üst-üstə düşməsini bir daha qeyd etdik. Əldə edilmiş razılaşmalar və imzalanmış ikitərəfli sənədlər münasibətlərimizin mövcud müqavilə-hüquqi bazasını yaxşı tamamlayır. Ölkələrimizin mühüm geoiqtisadi mövqe tutmasını və enerji ehtiyatlarının iri hasilatçısı olmasını nəzərə alaraq, biz Azərbaycan Prezidenti hörmətli İlham Heydər oğlu ilə yanacaq-energetika sahəsində, eləcə də transkontinental ticarət-kommunikasiya dəhlizlərinin inkişafına dair böyük layihələrin həyata keçirilməsində əməkdaşlığın perspektivlərini müzakirə etdik.
Demək istəyirəm ki, bizim görüşümüzdən əvvəl böyük hazırlıq işi getmiş, bunda hər iki tərəfin nümayəndələri iştirak etmişdir. Mən onların hamısına səmimi təşəkkür edirəm.
Hörmətli Prezident!
Qardaş Azərbaycanın ictimai və sosial-iqtisadi həyatın bütün sahələrində yüksələn xətlə inkişafını, xüsusən xalqın rifahı naminə görülən işləri Türkmənistanda yüksək qiymətləndirirlər. İnsanlara qayğı Türkmənistanda da ali prioritetdir. Türkmənistanın dövlət siyasətinin qayəsini təşkil edən “Dölət insan üçündür” devizi bu qayğının mahiyyətini ifadə edir.
Bir çox cəhətdən ortaq çoxəsrlik tarixi köklərə malik olan zəngin milli ənənələrimizi və mədəni irsimizin əhəmiyyətini hər iki tərəfin dərk etməsi və onların öyrənmək və qoruyub saxlamaq istəyi ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün çox mühüm amildir. Bu ümumilik, məsələn, özünü onda göstərir ki, bizim xalqların adətləri, dili, musiqisi və ümumi mədəniyyətimizin digər elementləri hər iki xalqa yaxın və aydındır. Türkmənlərlə azərbaycanlılar arasında mövcud olan qarşılıqlı anlaşma və qarşılıqlı hörmət hissləri onların mədəni baxımdan qarşılıqlı surətdə zənginləşməsinin əsasını təşkil edir. Məhz bu əsas həqiqi dostluğun mənbəyidir. Böyük şair və mütəfəkkir Məhəmməd Füzuli əbəs deməmişdir ki, yolçu, əgər sən düz yolla gedirsənsə, o yoldakı sədaqətli dost sənə kömək olacaqdır.
Fürsətdən istifadə edərək, böyük məmnuniyyətlə Sizə ürəkdən uğurlar diləmək, qardaş Azərbaycanın daha da tərəqqi etməsini, inkişaf yolunda yeni yüksək nailiyyətlər qazanmasını arzulamaq istəyirəm. Bunun üçün hər cür şərait, ilk növbədə, Türkmənistanın və türkmən xalqının simasında mehriban qonşular və dostlar var.
Əziz dostlar!
Mən hörmətli dostum, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin sağlığına və onun uğurları şərəfinə badə qaldırmaq istərdim. Mən ölkənin rəhbərliyinə və bütün Azərbaycan xalqına sülh və səadət, əmin-amanlıq və firavanlıq arzu edirəm. Qoy Türkmənistan və Azərbaycan arasında dostluq və qardaşlıq möhkəmlənsin!
-Hörmətli Qurbanqulu Məlikquliyeviç!
Hörmətli dostlar!
İcazə verin, qardaş Türkmənistan torpağında mənə və nümayəndə heyətimin üzvlərinə göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə bir daha ürəkdən təşəkkürümü bildirim. Bugünkü səfər və onun nəticələri iki qardaş ölkə və xalq arasında münasibətlərin yüksək səviyyəsini göstərir. Biz möhkəm tarixi köklərə əsaslanan bu münasibətlərə çox böyük əhəmiyyət veririk. İki müstəqil dövlət arasında, iki qonşu arasında dostluq, qardaşlıq münasibətləri bu təməl, bu möhkəm zəmin üzərində qurulur.
Hazırda bizim münasibətlər inkişaf mərhələsində, dinamizm mərhələsindədir. Bizim münasibətlərimizi yaxın tərəfdaşlar, öz ölkələrində uğurlu islahatlar aparan, sosial-iqtisadi inkişaf məsələlərini, öz xalqlarının rifahının, həyat səviyyəsinin yüksəldilməsi məsələlərini uğurla həll edən, regional inteqrasiya, regional əməkdaşlıq proseslərində fəal iştirak edən dost dövlətlər arasında münasibətlər kimi səciyyələndirmək olar.
Bizim ölkələrimizi olduqca çox şey birləşdirir. Artıq deyildiyi kimi, bunlar türkmən və Azərbaycan xalqlarının ümumi tarixi, ümumi kökləridir. Dillərimizin – türkmən və Azərbaycan dillərinin oxşarlığıdır. Bu gün sizin gözəl Aşqabad şəhərində olarkən mən bizim dillərimizin nə qədər yaxın olmasını bir daha yəqin etdim. Biz bir-birimizi tərcüməçisiz başa düşürük. Bizim münasibətlərimizi bu baza üzərində qururuq. Bu gün bu münasibətlər real məzmun alır, biz konkret məsələlər həll edirik. Bu ilin may ayında Türkmənistan Prezidentinin Azərbaycana uğurlu səfəri nəticəsində çox məsələlər həll olunub və mən əminəm ki, əldə edilmiş bütün razılaşmalar, imzalanmış sənədlər gələcəkdə uğurla reallaşdırılacaqdır.
Bu gün səfər çərçivəsində çox böyük əməli xarakter daşıyan yeni sənədlər imzalanmışdır. Bütün razılaşmaların reallaşdırılması ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmağa, Mərkəzi Asiya, Qafqaz və Xəzər hövzəsi regionunda əməkdaşlığı daha da möhkəmlətməyə imkan verəcəkdir.
Ölkələrimizin çox böyük iqtisadi potensialı vardır. Bu potensial ölkələrimizdə sosial-iqtisadi dəyişiklikləri həyata keçirməyə imkan verir. Müasir, gözəl şəhər, iri meqapolis olan, insanların yaşaması və işləməsi üçün hər cür şərait yaradılmış Aşqabadın bugünkü siması Türkmənistanın uğurlu, yüksələn xətlə inkişafına parlaq nümunədir. Sizin ölkəniz müstəqillik illərində çox böyük quruculuq və inkişaf yolu keçmişdir və bu gün həyatın bütün sahələrində konkret proqramlar həyata keçirməklə uğurla inkişaf edir. Təbii ki, bu, regionda və dünyada ölkənizin mövqelərini möhkəmləndirir. Sizin dostlarınız və qardaşlarınız kimi biz buna çox şadıq. Sənin dostun, qardaşın nə qədər güclü olsa, sən də bir o qədər güclü olarsan.
Mən qardaş Türkmənistan xalqına yeni uğurlar diləyirəm. Bugünkü nailiyyətlər inamla söyləməyə əsas verir ki, bu irəliləyiş, bu inkişaf gələcəkdə də davam edəcəkdir. Biz bundan sonra da konkret iqtisadi, energetika, nəqliyyat layihələri üzərində birgə işləyəcəyik. Çalışacağıq ki, vətəndaşlarımız bir-birini daha yaxşı tanısınlar, mədəni mübadilə daha fəal həyata keçirilsin, ümumi məqsədlər naminə biz daha sıx birləşək.
Mən bu dəvətə görə, qonaqpərvərliyə, səmimi qəbula görə Türkmənistan Prezidenti, dostum Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha dərin təşəkkürümü bildirmək və Türkmənistan Prezidentinin sağlığına, qardaş Türkmənistan xalqının tərəqqisi şərəfinə badə qaldırmağı təklif etmək istəyirəm!
Baxış sayı: 1
Açar sözlər:
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKMƏNİSTANA SƏFƏRİ
GENİŞ TƏRKİBDƏ GÖRÜŞ
Xəbər verdiyimiz kimi, noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuş
