PREZİDENT İLHAM ƏLİYEV VƏ AZƏRBAYCAN MİLLİ MƏCLİSİ
-Hörmətli xanımlar və cənablar!
Hörmətli deputatlar, əziz qonaqlar!
Mən sizin hamınızı bu gün bu gözəl gündə ürəkdən salamlayıram. Bütün qonaqlara xoş gəlmisiniz deyirəm.
Bu gün Azərbaycanın tarixində çox əlamətdar bir gündür. Biz Azərbaycan Parlamentinin 90 illik yubileyini təntənəli şəkildə qeyd edirik. Bu, həqiqətən də çox əlamətdar və tarixi hadisə olmuşdur. Biz keçən ay Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyini geniş şəkildə qeyd etmişik. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya miqyasında tarixi bir hadisə idi. Çünki ilk dəfə müsəlman aləmində, bütövlükdə Şərqdə demokratik respublika yaranmışdır.
Müxtəlif səbəblər nəticəsində respublikanın ömrü uzun olmamışdır və iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etmiş və Azərbaycan xalqı yenidən müstəqillikdən məhrum edilmişdir.
Biz öz tariximizi yaxşı bilirik və onu da bilirik ki, bu acı tarix 1990-cı illərin əvvəllərində də təkrarlana bilərdi, daha doğrusu təkrarlanırdı. Azərbaycan xalqı yenidən müstəqilliyə qovuşanda, Sovet İttifaqının dağılması nəticəsində müstəqil respublika fəaliyyətə başlayanda ölkədə gedən ictimai-siyasi proseslər çox mürəkkəb idi, çox gərgin idi və demək olar ki, gənc dövlətin gələcəyi o qədər də müəyyən deyildi. Çünki həm ölkə daxilində, həm də hüdudlarımızdan kənarında gedən proseslər Azərbaycanı çox ağır vəziyyətə qoymuşdu. Bir tərəfdən, Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi, digər tərəfdən, daxildə yaşanan siyasi və iqtisadi böhran vəziyyəti son dərəcə gərginləşdirmişdi. Bu çətin, ağır şəraitdə Azərbaycan xalqı düzgün seçim etmişdir.
1993-cü ildə Azərbaycan xalqı milli lideri Heydər Əliyevə müraciət edərək, onu yenidən siyasi hakimiyyətə gətirməklə öz müstəqilliyini qoruya bilmişdir. Biz müstəqilliyi qoruduq, möhkəmləndirdik və bu gün Azərbaycan müstəqillik yolu ilə uğurla inkişaf edir. Bütün bu işlərdə Azərbaycan Parlamentinin böyük rolu olmuşdur. Çünki yeni Azərbaycanın qurulmasının, müstəqil güclü dövlətin qurulmasının əsası məhz bu binada qoyulmuşdur.
Biz bir neçə gün bundan əvvəl Milli Qurtuluş gününü geniş şəkildə qeyd etmişik. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Parlamentinin sədri vəzifəsinə seçiləndən sonra ölkəmizdə vəziyyət müsbətə doğru dəyişilməyə başlamışdır. Xoşagəlməz bütün hadisələrin qarşısı alınmışdır. Qeyri-qanuni silahlı birləşmələr tərksilah edilmişdir. Azərbaycanda asayiş bərpa olunmuşdur, sabitlik yaranmışdır və beləliklə, hərtərəfli inkişaf üçün çox gözəl şərait yaradılmışdır.
Ondan əvvəl, hələ Azərbaycan müstəqil olmayan dövrdə Naxçıvan Muxtar Respublikasının parlamenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı elan etmişdir. O vaxt Azərbaycan hələ müstəqil deyildi, Sovet İttifaqının tərkibində idi. Ancaq Naxçıvanda tarixi qərarın qəbul olunması bizim müstəqilliyimizi yaxınlaşdırırdı. Bütün başqa həlledici məqamlarda, xalqla Heydər Əliyev arasında olan birlik Azərbaycanı bu çətin, ağır şəraitdən şərəflə çıxara bilmişdir.
Bu gün ölkəmiz uğurla inkişaf edir. Azərbaycanda parlamentarizm ənənələri də yaranır. Azərbaycan parlamenti öz beynəlxalq əlaqələrini genişləndirir və bu gün biz bu tədbirdə müxtəlif ölkələrdən gələn qonaqların timsalında bunu görürük. Biz görürük ki, Azərbaycan dünya birliyinə çox sürətlə inteqrasiya edir, Azərbaycanda hakimiyyətin bütün qolları vahid komanda kimi fəaliyyət göstərir və vahid amal uğrunda birləşibdir. Bu amal ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin, ölkə daha da inkişaf etsin və inkişaf etmiş ölkələrin sıralarına daxil olsun.
Biz bu vəzifəni qarşımıza qoymuşuq və bu çox böyük, məsuliyyətli vəzifədir. Ancaq 10 il, 15 il bundan əvvəl qarşımızda başqa vəzifələr dayanmışdı. O vaxt biz fikirləşirdik ki, Azərbaycanı ağır, çətin vəziyyətdən necə çıxaraq? İqtisadi tənəzzülün qarşısı necə alınmalıdır? Siyasi və iqtisadi islahatlar necə aparılmalıdır? Bütün bunlar bizim üçün yenilik idi. Azərbaycan qarşısında, müstəqil gənc dövlət qarşısında müxtəlif inkişaf istiqamətləri mövcud idi. Ulu öndər Heydər Əliyevin seçdiyi yol yeganə düzgün yoldur. Bu da ondan ibarətdir ki, Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya etməlidir, Azərbaycanın inkişafı daxili resurslar əsasında təmin olunmalıdır, Azərbaycan öz təbii sərvətlərindən məharətlə istifadə etməlidir və öz milli maraqlarını maksimum dərəcədə möhkəmləndirməlidir. Azərbaycanda çox güclü iqtisadi potensial yaradılmalıdır. Bu gün biz keçmişə nəzər salarkən görürük ki, ölkə qarşısında ən çətin və həlledici məqamlarda duran bütün əsas vəzifələr uğurla icra edilmişdir.
Bu gün Azərbaycan inkişaf dövrünü yaşayır. Bizdə siyasi və iqtisadi islahatlar uğurla həyata keçirilir. Bir daha qeyd etmək istəyirəm ki, Milli Məclisin bu işdəki fəaliyyətini mən çox yüksək qiymətləndirirəm. Azərbaycan bir neçə çox vacib beynəlxalq sazişlərə, konvensiyalara qoşulmuşdur. Mütərəqqi qanunlar qəbul edilir və bu qanunlar Azərbaycanda siyasi sistemin möhkəmlənməsinə və iqtisadi islahatların dərinləşməsinə xidmət göstərir. O da həqiqətdir ki, baxmayaraq, Azərbaycan xalqının çox qədim və zəngin tarixi, mədəniyyəti vardır, Azərbaycanda bundan əvvəl heç vaxt siyasi sistem olmayıbdır. Biz yalnız müstəqilliyi bərpa edəndən sonra siyasi islahatlara başlamışıq və tarix baxımından çox qısa müddət ərzində bütün lazımi tədbirləri görmüşük. Azərbaycanda siyasi sistem yaradılıb, siyasi təsisatlar yaradılıb və möhkəmlənib, Azərbaycan beynəlxalq təşkilatlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir. Bir daha demək istəyirəm ki, həm iqtisadi sahədə, həm sosial məsələlərin həlli işində, həm də siyasi islahatların dərinləşməsində Milli Məclis tərəfindən qəbul edilmiş qərarlar xüsusi rol oynayır. Mən çox şadam ki, bizim ölkəmizin inkişafı üçün hakimiyyətin bütün qolları öz töhfələrini verirlər.
Bu gün bizim qarşımızda yeni vəzifələr dayanır, yeni çağırışlar dayanır və biz bunlara hazır olmalıyıq. İlk növbədə, yenidən qeyd etmək istəyirəm ki, Azərbaycan öz müstəqil siyasətini davam etdirəcəkdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir, milli maraqlarımızı qoruyur və Azərbaycan əhalisinin rifah halının yaxşılaşmasına xidmət göstərir. Siyasi proseslərin müsbət istiqamətdə inkişaf etməsi, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, xalqla iqtidar arasında birliyin möhkəmlənməsi – bütün bu amillər ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır.
Sabitlik olmayan yerdə inkişaf mümkün deyil. Eyni zamanda, inkişaf etmiş ölkələrin tarixinə, yaxud da indiki vəziyyətinə nəzər salsaq görərik ki, o ölkələrdə sabitlik mövcuddur. Yəni bu iki amil bir-birini tamamlayır. Mən çox şadam ki, Azərbaycanda biz həm inkişafa nail ola bilmişik, həm də Azərbaycanda sabitlik çox yüksək səviyyədədir. Əminəm ki, gələcək illərdə biz qarşımıza qoyduğumuz bütün vəzifələrə, hədəflərə çatacağıq.
Biz Azərbaycanı güclü dövlətə çevirməliyik. Bu vəzifə bir müddət əvvəl qarşıya qoyulmuşdur və biz bu məqsədə doğru uğurla irəliləyirik. Azərbaycanda aparılan iqtisadi islahatlar öz səmərəsini verməkdədir. Biz son dörd il ərzində iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkəyik. Dörd il ərzində Azərbaycanda ümumi daxili məhsul 96 faiz artmışdır ki, bu da analoqu olmayan bir göstəricidir.
Bununla bərabər, Azərbaycanda uğurla həyata keçirilən sosial islahatlar öz müsbət nəticələrini verir. İldən-ilə Azərbaycan xalqı daha da yaxşı yaşayır. Azərbaycan xalqının rifah halı yaxşılaşır və bunun göstəricisi olan yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Son dörd il ərzində 49 faizdən 16 faizə düşən yoxsulluğun səviyyəsi onu göstərir ki, bizim qəbul edilmiş bütün qərarlar, siyasi və iqtisadi islahatlar, uğurlu neft siyasətimiz, ilk növbədə, Azərbaycan xalqının rifah halının yaxşılaşmasına yönəldilibdir. Sürətlə inkişaf edən bəzi cəmiyyətlərə xas olan təbəqələşmə prosesi Azərbaycan cəmiyyətində getmir. Əksinə, Azərbaycanda çox güclü orta sinif yaranır, sahibkarlar sinfi yaranır və bilirsiniz ki, bu sahəyə çox böyük diqqət göstərilir. Bu gün ölkə iqtisadiyyatının 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatının əsas hissəsini enerji resursları təşkil edir və enerji resursları dövlət nəzarətindədir, özəl sektor sürətlə inkişaf edir.
Regionlarda gedən abadlıq-quruculuq işləri, yeni iş yerlərinin açılması və regionların sosial-iqtisadi inkişafına dair beşillik Dövlət proqramının uğurla icra edilməsi - bizim böyük nailiyyətimizdir. Bu gün artıq bölgələrdən mərkəzə miqrasiya meyilləri demək olar ki, son dərəcə azalıbdır. Bu gün bölgələrdə insanların yaşaması üçün ən müasir infrastruktur yaradılır – istər səhiyyə, istər təhsil, istər nəqliyyat və sair sahələrdə. Biz öz təbii sərvətlərimizdən çox böyük səmərə ilə istifadə edərək, təbii resurslarımızı insan kapitalına çeviririk. Bu gün əsas prioritetlərdən biri Azərbaycan xalqının və gələcək nəslin bilikli olmasıdır, eyni zamanda, bizim milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünyada gedən proseslərə qoşulmasıdır, dünya birliyinə inteqrasiya etməsidir.
Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, biz öz ana dilimizi saxlaya bilmişik, öz mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edibdir, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər.
Azərbaycan cəmiyyətində bütövlükdə ölkədə aparılan bütün islahatlara böyük rəğbət var. Əgər belə olmasaydı, heç bir islahatın əhəmiyyəti olmazdı. Bəzi hallarda iqtisadi islahatlar, xüsusilə keçid dövründə yaşayan cəmiyyətlərdə iqtisadi islahatlar insanların həyat səviyyəsinin pisləşməsinə gətirib çıxarır. Ancaq Azərbaycanın timsalında biz bunu görmürük. Əgər belə olsaydı, o zaman yoxsulların sayı azalmazdı, artardı. Bizim güclü sosial siyasətimiz, eyni zamanda, uğurlu iqtisadi islahatlara əsaslanır. Çünki əgər biz iqtisadi potensialı yaratmasaq, sosial proqramların həlli üçün imkanımız olmayacaq. Bir də demək istəyirəm ki, biz ancaq öz imkanlarımıza güvənirik. Biz müstəqilliyi bərpa edəndən sonra bu günə qədər ancaq öz hesabımıza, Azərbaycan xalqının zəhməti hesabına bütün bu gözəl nəticələrə çata bilmişik.
Bu gün qürur hissi ilə deyə bilərik ki, son dörd il ərzində Azərbaycanda büdcə xərcləri 10 dəfədən çox artıbdır. Bizim valyuta ehtiyatlarımız artır və ilin sonuna qədər 20 milyard dollara yaxın olmalıdır. Bu, bizim üçün böyük bir üstünlükdür, böyük bir imkandır. Biz bu imkanlardan çox səmərəli şəkildə istifadə etməliyik. Azərbaycanın bütün sahələrini inkişaf etdirməliyik. İqtisadiyyatımızı şaxələndirməliyik ki, uzun illər bundan sonra, onilliklər bundan sonra Azərbaycan xalqı və gələcək nəsillər rahat yaşasın. Gələcək nəsil də vətənpərvərlik ruhunda tərbiyə almalıdır və mən çox şadam ki, bu gün biz bunu görürük.
Gələcək nəsillərin xoşbəxt yaşaması üçün biz indidən lazımi tədbirləri görürük. Mən bir daha parlamentin bu sahədəki rolunu qeyd etmək istəyirəm. Bildiyiniz kimi, Azərbaycan Dövlət Neft Fondu gələcək nəsillərin rahat yaşaması üçün böyük dərəcədə valyuta ehtiyatlarını yığmağa başlamışdır və bu, bir neçə ildən sonra yüz milyardlarla ölçüləcəkdir. Belə olan halda bu imkanlardan, bu resurslardan səmərəli istifadə etmək üçün ən şəffaf mexanizm yaradılmalıdır. Azərbaycan bu şəffaf mexanizmi yarada bilibdir. Neft Fondundan xərclənən hər bir manat, hər bir dollar ancaq parlamentin razılığı ilə mümkündür. Parlamentin üzvləri büdcəni təsdiq edərkən bu məsələni də həll edirlər. Yəni burada ictimai iştirak və ictimai nəzarət çox güclüdür. Mən bir neçə dəfə bu barədə öz fikirlərimi bildirmişəm, bir də demək istəyirəm ki, çox sürətlə inkişaf edən ölkələrdə, çox böyük dövlət investisiyaları qoyulan bir ölkədə ictimai nəzarət çox güclü olmalıdır.
Biz gələcək haqqında da fikirləşirik və mən əminəm ki, Azərbaycanın gələcəyi çox parlaq olacaqdır. Bizim beynəlxalq əlaqələrimiz möhkəmlənir, biz yeni müttəfiqlər qazanırıq, bizim xarici siyasətimiz də çox açıqdır, birmənalıdır, çox çevikdir. Biz bütün ölkələrlə qarşılıqlı hörmət, qarşılıqlı maraqlar əsasında öz siyasətimizi qururuq və bu siyasət öz bəhrəsini verməkdədir. Azərbaycan dünyada daha da çox tanınır, Azərbaycana hörmət artır. Azərbaycanın müstəqil siyasəti bilirəm ki, çox böyük rəğbətlə qarşılanır və biz bu müstəqil xəttimizi qoruyub saxlayacağıq. Müstəqilliyimizi daha da möhkəmləndirəcəyik və bunu etmək üçün əlbəttə ki, bizim imkanlarımız daha da artmalıdır. Bu işlər, görülən bütün işlər bir daha demək istəyirəm ki, bir məqsədə yönəldilibdir - Azərbaycan bölgədə və dünayda öz mövqelərini möhkəmləndirsin, Azərbaycanda siyasi islahatlar daha da sürətlə getsin, Azərbaycanda bütün kriteriyalar- istər siyasi həyatda, istərsə də iqtisadi, sosial həyatda bütün kriteriyalar, dünyanın aparıcı ölkələrinin kriteriyalarına yaxınlaşsın. Bunu etmək üçün bizim həm niyyətimiz var, həm də proqramlarımız var. Beynəlxalq təşkilatlarla müxtəlif proqramlar var və biz bunları uğurla icra edirik.
Mən hesab edirəm ki, biz həm siyasi islahatlar sahəsində, həm ölkədə gedən demokratikləşmə prosesinin inkişafında, həm də iqtisadi və sosial məsələlərin həllində nə mümkünsə maksimum dərəcədə etmişik. Bunun nəticəsində bu gün ölkə qarşısında elə problem yoxdur ki, biz onu asanlıqla həll edə bilməyək. Ölkə daxilində sabitlik, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, siyasi sistemin möhkəmlənməsi, iqtisadi islahatlar, çevik xarici siyasət və bölgədə bizim təşəbbüsümüzlə həll olunan irimiqyaslı layihələrin icrası – bütün bu istiqamətlərdə bütün vəzifələr öz həllini tapıbdır.
Bu gün bölgədə gedən uğurlu regional əməkdaşlıq bir çox hallarda məhz Azərbaycanın təşəbbüskarlığı ilə bağlıdır. Biz enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi ilə həm öz iqtisadi imkanlarımızı gücləndiririk, həm də böyük mənada regional əməkdaşlığa da öz töhfəmizi veririk.
AzərTAc xəbər verir ki, iyunun 19-da Milli Məclisin Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncağı keçirilmişdir.
Yığıncağın iştirakçıları əvvəlcə Milli Məclisin Heydər Əliyev Xatirə Muzeyinə baxdılar.
Milli Məclisin Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncağının iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevi alqışlarla qarşıladılar.
Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Milli Məclisin sədri Oqtay ƏSƏDOV yığıncağı açaraq dedi:
- Hörmətli xanımlar və cənablar,
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevi Milli Məclisdə səmimi qəlbdən salamlayırıq.
Hörmətli deputatlar, Azərbaycan Parlamentinin 90 illiyi münasibətilə sizin hamınızı ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram!
Azərbaycan Parlamentinin 90 illik yubileyində iştirak etmək üçün Bakıya gəlmiş xarici ölkələrin parlament sədrlərinə, parlament nümayəndə heyətlərinə, beynəlxalq təşkilatların təmsilçilərinə, bütün qonaqlarımıza səmimi qəlbdən “xoş gəlmisiniz” deyirəm.
Xarici ölkələrin 9 parlament sədri, 18 sədr müavini, 102 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin Bakıdakı diplomatik korpusunun nümayəndələri bu gün bizimlə birlikdə sevincimizi bölüşürlər. Ümumiyyətlə, qonaqlarımızın təmsil etdikləri ölkələrin coğrafiyası İndoneziyadan Kanadayadək olan məkanı əhatə edir.
90 il əvvəl Azərbaycanda müasir dövrün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi xalqımızın tarixi taleyində müstəsna rol oynamışdır. 1918-1920-ci illərdə cəmi 17 ay fəaliyyət göstərən parlament Azərbaycanın gələcək həyatı üçün dəyərli işlər görə bilmişdir. Bu işlər sayəsində Şərq aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi təməli yaradılmışdır. Dövlət bayrağı və himni qəbul edilmiş, ana dili dövlət dili elan olunmuşdu. Dünyada birincilər sırasında, Şərq aləmində ilk dəfə olaraq məhz bu parlament qadınlara səsvermə hüququ vermişdi. Dövlət quruculuğu, iqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul edilən qanunvericilik aktları müstəqil dövlətin səmərəli fəaliyyətinə imkan yaratmışdı. O dövrdə Azərbaycanda mövcud olan bütün siyasi qüvvələrin və müxtəlif millətlərin nümayəndələri parlamentdə təmsil olunmuşdu.
Bütün bunlar Azərbaycan xalqının həyatında parlamentarizm ənənələrinin yeni inkişaf mərhələsinə daxil olduğunu göstərirdi. Dövlət Dumasına Azərbaycandan 13 nəfər azərbaycanlı deputat seçilmiş və onun fəaliyyətində iştirak etmişdi.
Azərbaycanın Sovet İttifaqı tərkibində olduğu dövrdə əsasən Ali Sovet adı ilə fəaliyyət göstərən qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik olmuşdur. Lakin belə bir şəraitdə də Azərbaycan xalqı parlamentarizm ənənələrinin yoxa çıxmasına imkan verməmişdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı sayəsində böhran və təlatümlər dövrünü geridə qoymuş, kövrək vəziyyətdən çıxıb sabitlik və inkişaf dövrünə daxil olmuş, əsl dövlət müstəqilliyini əldə etmişdir.
Müasir Azərbaycan parlamenti də Heydər Əliyevin rəhbərliyi altında yaranmışdır. Ulu öndər 1993-cü ilin oktyabrında Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etmişdir. Heydər Əliyevin Azərbaycan parlamentinin sədri kimi fəaliyyəti ölkəmizdə parlamentarizm ənənələrinin inkişafında müstəsna rol oynamışdır. Sonrakı dövrdə də ulu öndər qanunvericilik orqanına daim böyük qayğı göstərmiş, parlament quruculuğu məsələlərini diqqət mərkəzində saxlamışdır.
Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Konstitusiya əsasında müasir parlament formalaşdırılmışdır. Artıq 13 ilə yaxındır ki, Azərbaycan Respublikasının Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament dövlətimizin müasir tələblərə cavab verən qanunvericilik bazasını yaratmış və təkmilləşdirmişdir.
1995-ci ildən indiyədək Milli Məclis dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini nizama salan 2500-dən çox qanun və qərar qəbul etmişdir. Onu da qeyd edim ki, parlamentdə qəbul edilən qanunlar milli dəyərlər nəzərə alınmaqla, üzv olduğumuz beynəlxalq təşkilatların ən yüksək standartlarına uyğun şəkildə hazırlanmışdır. Bu bizim şüurlu seçdiyimiz yoldur və biz bu işi davam etdiririk.
Azərbaycan parlamenti müasir demokratik dövlətlərdə mövcud olan prosedur qaydaları əsasında fəaliyyət göstərir. Milli Məclis xalqın və dövlətin mənafeləri ilə bağlı vəzifələri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərini daim diqqət mərkəzində saxlayır. Ölkədə uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların, demokratikləşdirmə prosesinin hüquqi mexanizmi daha da inkişaf etdirilir.
Milli Məclis beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir. Ölkənin qanunvericilik orqanı 7 beynəlxalq parlament təşkilatının üzvüdür, bir neçə parlament təşkilatı, o cümlədən Avropa Parlamenti, NATO-nun Parlament Assambleyası, Baltik Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir.
İkitərəfli əlaqələrin inkişafına böyük diqqət yetirilir. Milli Məclisdə 70-dən çox ölkənin parlamenti ilə əlaqələr üzrə deputat dostluq qrupları yaradılmışdır. Bu qrupların üzvləri xarici ölkələrdəki həmkarları ilə sıx əlaqə saxlayır, qarşılıqlı səfərlər edir, təcrübə mübadiləsi aparırlar. Bütün bunlar ölkələrin bir-birinə yaxınlaşmasına kömək göstərir və xalq diplomatiyasının uğurlarını nümayiş etdirir.
Hörmətli xanımlar və cənablar,
Azərbaycanda dövlət hakimiyyət bölgüsü prinsipi əsasında qurulmuşdur. Biz qürur hissi ilə söyləyə bilərik ki, parlamentlə Prezident arasında çox gözəl münasibətlər mövcuddur. Parlamentin qəbul etdiyi layihələrin 80 faizindən çoxu cənab Prezidentin təşəbbüsü ilə müzakirəyə çıxarılır. Biz əminik ki, bu münasibətlər gələcəkdə də bu qaydada davam edəcəkdir.
Möhtərəm cənab Prezident səkkiz il ərzində Azərbaycan parlamentinin deputatı olmuşdur, Milli Məclisin gündəlik fəaliyyətini, problemlərini parlamentin içərisindən müşahidə edib bələd olmuşdur. Milli Məclisin qayğılarını bildiyinə görə qanunvericilik orqanına çox böyük diqqət və dəstək göstərir. Möhtərəm cənab Prezidentin burada olmasından istifadə edərək, bu diqqətə və dəstəyə görə ona minnətdarlığımızı bildiririk və dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Milli Məclis Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin fəaliyyətini müdafiə edir və problemin nizama salınacağına ümid bəsləyir və inanır.
Əziz qonaqlar, bu bayram günündə bizimlə birlikdə olduğunuza görə sizin hamınıza təşəkkür edirəm.
X X X
Prezident İlham Əliyev təntənəli mərasimdə nitq söyləmişdir.
Azərbaycanlı həmkarlarını yubiley münasibətilə təbrik edən Belarus Nümayəndələr Palatasının sədri Vadim POPOV qeyd etmişdir ki, SSRİ dağılandan sonra Azərbaycan parlamenti hüquqi baza yaradılması və yeni şəraitdə ölkənin həyat fəaliyyətinin təmin edilməsi kimi mürəkkəb bir mərhələdən keçmişdir. Zamanın sınağından uğurla çıxmış Azərbaycan parlamenti ölkənin inkişafında mühüm rol oynayır.
V.Popov Belarusda Azərbaycana həmişə səmimi münasibət bəsləndiyini və ölkələrimiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf mərhələsində olduğunu vurğulayaraq demişdir ki, bütün bunlar iqtisadiyyatın, mədəniyyətin, elmin və təhsilin bir sıra sahələrində əməkdaşlığı daha da inkişaf etdirməyə imkan verir.
Gürcüstan parlamentinin sədri David BAKRADZE Azərbaycan parlamentinin yaranması tarixinə müraciət edərək XX əsrin əvvəllərində Azərbaycanda və Gürcüstanda cərəyan edən siyasi proseslər arasında oxşarlıq olduğunu vurğulamışdır.
David Bakradze Azərbaycan-Gürcüstan əlaqələrindən söhbət açaraq hazırda çox yüksək sürətlə inkişaf etməkdə olan bu münasibətlərin təməlini qoymuş ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd etmişdir. Gürcüstan xalqı Heydər Əliyevin millətlərarası münasibətlərin inkişafına böyük töhfəsini yüksək qiymətləndirir.
Parlamentlərarası əlaqələrin çox uğurla inkişaf etməsini vurğulayan David Bakradze bildirmişdir ki, Gürcüstanın yeni seçilmiş parlamentində yaradılacaq ilk dostluq qruplarından biri Azərbaycanla dostluq qrupu olacaqdır.
Qazaxıstan Senatının sədri Qasım Comərd TOKAYEV bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olmuşdur və bu fakt Azərbaycan xalqının azadlıq və xalq hakimiyyəti dəyərlərinə bağlılığının əyani sübutudur.
Qazaxıstan parlamentinin rəhbəri qeyd etmişdir ki, xalqlarımız əsrlər boyu müstəqil dövlət arzusu ilə yaşamışlar. Azərbaycan suverenlik əldə edəndən sonra davamlı inkişaf və quruculuq yoluna inamla qədəm qoymuşdur. “Bu gün sizin ölkəniz iqtisadi göstəricilər və sosial təminat sahəsində Qafqaz regionunun lideridir”, – deyən Qasım Comərd Tokayev müasir Azərbaycan dövlətçiliyinin təşəkkülündə Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır.
O demişdir ki, Qazaxıstan parlamentinin üzvləri Azərbaycanın uğurlarına ürəkdən sevinirlər və ölkələrimizin qanunvericilik orqanları arasında əlaqələrin daha da genişlənməsi üçün səy göstərmək əzmindədirlər.
Pakistan Parlamenti Senatının sədri Muhəmmədmian SUMRO Pakistan rəhbərliyinin başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqına salamlarını çatdırmışdır.
Azərbaycan Parlamentinin 90 illik yubileyinin təntənəli qeyd edilməsinin vacib məsələ olduğunu vurğulayan pakistanlı qonaq demişdir ki, bu parlament Şərqdə qurulmuş ilk qanunverici orqandır. Müstəqil Azərbaycanda parlamentin inkişaf etdirilməsində görkəmli dövlət xadimi Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bu proses hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Muhəmmədmian Sumro bildirmişdir ki, onun ölkəsinin Azərbaycan ilə çox yaxşı əlaqələri vardır. Biz bu əlaqələri daha da yaxınlaşdırmaq niyyətindəyik. Bu istiqamətdə parlamentarilərin qarşılıqlı səfərləri vacibdir.
Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdə davam edəcəyini bildirən M.Sumro demişdir ki, Azərbaycanın Pakistana göstərdiyi dəstək onun ölkəsində yüksək qiymətləndirilir.
Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar
artyazar
İyun 19, 2008 22:08
Baxış sayı: 17
Şərhlər(0)

