Reklam verin!

Prezident Ensiklopediyası

İntellektual Prezident - İlham Əliyev

Dünyanın maraq mərkəzi - Azərbaycan və onun Prezidenti...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV OMBUDSMANLARIN VI BAKI BEYNƏLXALQ KONFRANSININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ombudsmanların VI Bakı Beynəlxalq konfransının iştirakçılarını qəbul etmişdir.
Dövlətimizin başçısı İLHAM ƏLİYEV qonaqlara müraciətlə dedi:
-Hörmətli qonaqlar, mən sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.
Bildiyiniz kimi, bu gün Azərbaycanda insan hüquqları günü qeyd edilir. Mən bir il bundan əvvəl

insan hüquqları gününün təsis edilməsi haqqında müvafiq Sərəncam imzalamışam. Çox şadam ki, bu gündə Bakıda ombudsmanların, insan hüquqları üzrə müvəkkillərin iştirakı ilə çox vacib beynəlxalq konfrans keçirilir. Mən əminəm ki, müzakirələr çox maraqlı keçir və qəbul edilmiş qərarlar sizin aranızda əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcəkdir. Konfransda iştirak edən nümayəndələr bu sahədə böyük təcrübəyə malik olan ölkələri təmsil edirlər. Eyni zamanda o qədər də böyük ənənələrə malik olmayan ölkələr də bu konfransda iştirak edirlər.
Azərbaycanda ombudsman təsisatı altı il bundan əvvəl yaradılmışdır. Biz bu baxımdan inkişafın hələ ki ilkin mərhələsindəyik. Amma deyə bilərəm ki, bu qısa müddət ərzində Azərbaycanda bu sahədə çox böyük işlər görülübdür. Azərbaycan insan hüquqlarını təmin edən müxtəlif beynəlxalq sazişlərə, konvensiyalara qoşulmuşdur. Biz beynəlxalq təşkilatlarla bu sahədə çox uğurlu əməkdaşlıq edirik. Ancaq eyni zamanda, ombudsman təsisatının yaradılması və insanların bu quruma inamının artması, əlbəttə, Azərbaycanda insan hüquqlarının müdafiə olunmasında çox mühüm rol oynayır. Mən hesab edirəm ki, konfransda səslənən fikirlər və bütövlükdə gedən təcrübə mübadiləsi hər bir iştirakçı üçün çox faydalı olacaqdır.
Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk. Azərbaycan gənc, müstəqil dövlət kimi son 17 il ərzində bu sahədə çox böyük işlər görübdür və gələcəkdə də hələ çox işlər görülməlidir. Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun.
Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik. Amma onu da qeyd etmək istəyirəm ki, Azərbaycan əhalisinin kifayət qədər böyük hissəsi bütün insan hüquqlarından məhrum edilibdir. Onların insan hüquqları kobudcasına tapdalanıbdır. Mən Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində öz doğma yerlərindən didərgin düşmüş bizim soydaşlarımız haqqında söhbət açıram.
Bildiyiniz kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, eyni zamanda, etnik təmizləmə siyasəti ilə tamamlanmışdır və bir milyon soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır. Onların əsas və elementar insan hüquqları pozulubdur. Onların yaşadıqları bölgələrdə hər şey dağıdılıb və bütün infrastruktur, binalar yerlə-yeksan edilibdir. İşğal olunmuş ərazilərdə bizim bütün tarixi abidələrimiz dağıdılmışdır. Əfsuslar olsun, baxmayaraq ki, uzun illər danışıqlar gedir, amma heç bir nəticə yoxdur. Biz məsələnin ədalətli şəkildə və beynəlxalq hüquq normaları əsasında həll olunmasının tərəfdarıyıq, bunu tələb edirik. Ümid edirik ki, beynəlxalq ictimaiyyət bu məsələyə daha da diqqətlə yanaşacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və etnik təmizləmə siyasətindən əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar. Əminəm ki, biz buna nail olsaq, bu bölgədə sülh, əmin-amanlıq tam şəkildə bərqərar olunacaqdır.
Əziz qonaqlar, mən sizi bir daha salamlayıram. Mən əminəm ki, konfrans və onun nəticələri çox müsbət və uğurlu olacaqdır. Sizin aranızdakı münasibətlər daha da güclənəcək və əməkdaşlıq daha da inkişaf edəcəkdir.

YUNESKO-nun İnsan hüquqları və ayrı-seçkiliyə qarşı mübarizə şöbəsinin rəhbəri Sergey Lazarev Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması sahəsində görülən işləri yüksək qiymətləndirərək dedi:
-İş gününüzün gərgin cədvəlinə baxmayaraq, bizimlə görüşməyə vaxt tapdığınıza və həyata keçirəcəyiniz planlar barədə söhbət etdiyinizə görə sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Mən belə hesab edirəm ki, indi iqtidarın hüquq müdafiəçilərini qəbul etməsi faktı çox müsbət haldır. Mən burada YUNESKO-nu təmsil edirəm və bu sahədə bizim də iş təcrübəmiz var. Adətən, iqtidar hüquq müdafiəçilərindən uzaq olmağa çalışır, çünki onlar iqtidarı bezdirir, ona mane olur, onu narahat edirlər. Eyni zamanda, onlarsız da ötüşmək mümkün deyil, çünki insanları daha xoşbəxt, daha səmimi edən, hər kəsin inkişaf etməsinə imkan verən vətəndaş cəmiyyətinin yaradılmasına yalnız hüquq müdafiəçiləri kömək edə bilər. Mənə belə gəlir ki, bu baxımdan Azərbaycan fərqli bir ölkədir.
Mənim fikrimcə, burada çox əlverişli şərait yaradılmışdır. Bilirsinizmi nə üçün? Mən bunu izah edərəm. Əgər Prezident hüquq müdafiəçilərini qəbul edirsə, ombudsman Elmira xanımdırsa, məncə, bu faktlar cəmiyyətin həqiqətən inkişaf etməsi, vətəndaşların daha xoşbəxt olması üçün əsasdır.
Bir daha çox sağ olun. Zənnimcə, əgər biz insan hüquqlarının müdafiəsi üzrə ofis, YUNESKO və Azərbaycan arasında mövcud əməkdaşlığı qoruyub saxlasaq, bu, həmin istiqamətdə işin uğur qazanmasının rəhni olacaq.
İLHAM ƏLİYEV: Sağ olun. Mən qeyd etmək istərdim ki, siz – hüquq müdafiəçiləri çox nəcib bir missiyanı yerinə yetirirsiniz. Siz insanların hüquqlarını müdafiə edirsiniz. Bu, müdafiə edilməli olan ən vacib dəyərdir. Dünyada, dünyanın müxtəlif yerlərində, demək olar ki, hər bir ölkədə insan hüquqları pozulur, sadəcə olaraq, bu, müxtəlif formalarda baş verir. Bəzi yerlərdə bu pozuntular insanların sıxışdırılmasına aiddir, bəzi yerlərdə separatizm siyasətinə əsaslanır, haradasa qan axıdılması, müharibələr, işğal ilə başa çatır, haradasa daha yüngül formada baş verir. Amma hər halda bu, bizim hamımız üçün ümumi problemdir.
Təbii ki, hər bir ölkədə bu problem diqqət mərkəzində olmalıdır. Əvvəllər bizdə, ümumiyyətlə, siyasi sistem olmadığı kimi, bu sahədə də təcrübə yox idi. Keçmiş SSRİ ölkələri yalnız 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra siyasi təsisatlar, siyasi sistem, çoxpartiyalı sistem, azad kütləvi informasiya vasitələri yaratmağa başladılar. Bu proses hər bir ölkədə müxtəlif formada gedir. Haradasa nəticələr çox, haradasa azdır, lakin bütövlükdə bu proses labüddür. Biz Azərbaycanda beynəlxalq birliyə fəal inteqrasiya siyasətini həyata keçiririk. Təbii ki, inkişaf etmiş demokratik dövlətləri səciyyələndirən bütün ən mühüm baza meyarları Azərbaycanda da tətbiq edilməlidir. Biz bu istiqamətdə də böyük iş aparırıq, beynəlxalq təşkilatlarla fəal işləyirik, bəzən tənqidə məruz qalırıq. Bu tənqid bəzən ədalətli, bəzən qərəzli olur. Tənqid ədalətli olanda biz buna yalnız sevinirik. Çünki bu, nöqsanları düzəltməyə, vəziyyəti yaxşılaşdırmağa imkan verir. Tənqid qərəzli olanda isə, əlbəttə, bizə mənfi təsir göstərir. Ona görə ki, əvvəldə dediyim kimi, meyarlar vahid olmalıdır, ikili standartlara yol verilməməli, hüquq müdafiə fəaliyyətinin, bu və ya digər ölkədə insan hüquqlarının qiymətləndirilməsi məsələsində ögey-doğmalıq olmamalıdır. Əgər bütün bunlara nail olunsa, onda mən əminəm ki, hər bir iqtidar, yaxud demək olar ki, hər bir iqtidar Azərbaycanda bizim etdiyimiz kimi, hüquq müdafiəçiləri ilə görüşməyə şad olacaqdır.
Bizim ölkədə müxtəlif hüquq müdafiə təşkilatları vardır, onlar çox fəaldır, iqtidarı, rəhbərliyi fəal tənqid edirlər. Hesab edirəm ki, hətta onların bəziləri siyasi qüvvələrin təsiri altında olsalar belə, hərçənd bunu mən ümumiyyətlə yolverilməz hesab edirəm, bu – normal haldır. Lakin mən düşünürəm ki, bu, inkişafımızın müvəqqəti mərhələsidir, biz buna da dözərik. Hüquq müdafiə təşkilatları insanların siyasi mənsubiyyətindən asılı olmayaraq, onların hüquqlarının müdafiəsi işi ilə məşğul olmalıdırlar. Əgər biz Azərbaycanda bütün hüquq müdafiə təşkilatlarının yalnız öz vəzifələrini əsas tutmalarına nail ola bilsək, onda heç bir mübahisəli məsələ qalmayacaq. Təəssüf ki, biz hələlik buna tam nail olmamışıq. Lakin güman edirəm ki, biz buna nail olacağıq. Əminəm ki, hər bir normal cəmiyyət üçün, onun inkişafı üçün daimi dialoq – iqtidarla cəmiyyət arasında, iqtidarla hüquq müdafiə fəaliyyəti ilə məşğul olan strukturlar arasında dialoq zəruridir. Biz vətəndaş cəmiyyətinin yaradılmasına və ictimai nəzarətə doğru kifayət qədər sürətlə irəliləyirik. Buna görə də mən istənilən vaxt sizi yenidən burada görməyə şad olaram.
Polşanın ombudsmanı YANUŞ KOXONOVSKİ sürətlə inkişaf edən Azərbaycanın dünya dövlətlərinin hüquq müvəkkilləri arasında da yaxşı tanındığını bildirərək dedi:
-Cənab Prezident, çox məşğul olduğunuz bir gündə bizi qəbul etdiyinizə görə, öz həmkarlarım adından Sizə minnətdarlığımı bildirirəm. Biz nəinki belə bir vacib konfransda iştirak etməyimizdən, o cümlədən gözəl ölkənizi görməyimizdən çox məmnunuq. Bu gün biz mərhum atanız, məşhur siyasi xadimin xatirəsini yad etdik. Ombudsman Elmira xanım Süleymanova ilə aparılan əməkdaşlıq sayəsində ölkənizi insan hüquqları müvəkkilləri arasında yaxşı tanıyırlar. Polşanın ombudsmanı kimi mən ölkələrimiz arasında nəinki tarixdə, o cümlədən hazırkı dövrdə yaxşı və sıx münasibətlərin olduğunu məmnunluqla qeyd etmək istəyirəm. Bir daha sağ olun. Mən sizə və ölkənizə ən böyük uğurlar arzulayıram.
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV son illər ölkəmizdə həyata keçirilən islahatlar barədə danışaraq dedi:
-Azərbaycan çox sürətlə inkişaf edir. Ölkədə siyasi-iqtisadi islahatlar aparılır. Biz sosial problemlərə xüsusi diqqət yetiririk. Bu isə insan hüquqlarının qorunması işi üçün də çox vacibdir. Biz yoxsulluğun aradan qaldırılması üçün beynəlxalq maliyyə qurumları ilə işləyirik. Mən tamamilə əminəm ki, əgər biz bu məsələnin öhdəsindən gəlsək, bu, insan hüquqlarının qorunması sahəsinə ən böyük töhfə ola bilər. Sizə deyə bilərəm ki, burada yaşayan yoxsul insanların sayı son dörd il ərzində 49 faizdən 16 faizə düşmüşdür. Bu rəqəm cari ilin əvvəlində müşahidə olunmuşdur. Sürətli yaxşılaşma onu göstərir ki, bizim islahatlarımız insanların gündəlik həyatında öz əksini tapır.
Bəzən iqtisadi islahatlar ağrılı olur. Bəzi hallarda zəruri hesab edilən islahatlar ölkə daxilində gərginlik və müəyyən çətinlik, eləcə də maliyyə problemləri yaradır. Lakin biz dəyişikliklərdə israrlıyıq və eyni zamanda, çox güclü, sosial siyasət həyata keçiririk. Bir sözlə, Azərbaycanda insanlar ildən-ilə daha yaxşı yaşayırlar. Bu, xüsusən də aşağı gəlirli insanlara aiddir. Hazırda biz yoxsul ailələrə yardım üzrə böyük sosial proqramı həyata keçiririk. Təxminən 100 min ailə bu proqramla əhatə olunur və dövlət onlara aylıq maliyyə yardımı göstərir. Bu yardım onlara yoxsulluqdan daha təkmil mövqeyə doğru addım atmaq imkanlarını açır. Əlbəttə, vaxt keçdikcə Azərbaycanın iqtisadi imkanları və potensialı artacaq, problemləri həll etmək bizim üçün daha asan olacaqdır.
Mən öncə qaçqınların problemlərinə toxundum. Bu bizim üçün böyük sosial və humanitar problemdir. Lakin proqramın uğurla həyata keçirilməsi nəticəsində hazırda biz 10 ildən çox çadır düşərgələrində yaşamış 80 mindən çox insanı normal evlərə köçürdük. Biz bir çox evlər, məktəb və xəstəxanalar tikirik. Bu məqsədlə xüsusi infrastruktur yaradılıbdır. Lakin bu müvəqqətidir. Çünki bunlar məskunşalma yerləri hesab edilir. Torpaqlarımız azad olunarsa, biz həmin şəxslər üçün onların doğma yerlərində normal yaşayış şəraitlərinin təmin edilməsi üçün çoxlu sərmayə qoyacağıq.
Bir daha xoş gəlmisiniz. Çox sağ olun.

OMBUDSMANLARIN VI BAKI BEYNƏLXALQ KONFRANSININ İŞTİRAKÇILARINA

Hörmətli Konfrans iştirakçıları!

Azərbaycanda İnsan hüquqları gününə həsr edilmiş “Qloballaşan dünyada insan hüquqları” mövzusunda Ombudsmanların VI Bakı Beynəlxalq Konfransının keçirilməsi münasibəti ilə Sizi təbrik edirəm, konfransın işinə müvəffəqiyyətlər arzulayıram.
Bu gün dünyamız sürətli dəyişikliklər dövrü yaşayır. Dəyişikliklər həm mədəniyyətdə, həm həyat tərzində və həm də sosial davranışda özünü büruzə verir. Bu isə öz növbəsində cəmiyyətdə mövcud olan hüquq sisteminə və mədəniyyətinə təsir göstərir, hüquq institutlarının təkmilləşməsinə və yenilərinin formalaşdırılmasına təkan verir, bütövlükdə cəmiyyətin inkişafını sürətləndirir.
Minilliyin məqsədlərinə uyğun olaraq insan hüquqlarının müdafiəsi, sosial-iqtisadi problemlərin həlli, qanunun aliliyinin təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi demokratik, hüquqi dövlətin başlıca vəzifələridir.
Müasir dünyada özünəməxsus yer tutan, demokratik bəşəri dəyərləri bölüşən və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan dövləti insanların rifah səviyyəsinin, onların cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.
Hələ 10 il öncə ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tərəqqisini məhz “insan meyarı”nın inkişaf etdirilməsində görərək insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etmişdir.
Bəşəriyyətin üzləşdiyi yeni çağırışlara cavab olaraq insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsi, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulması, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasını ehtiva edən yeni Milli Fəaliyyət Planı 2006-cı ildə qəbul olunmuş və uğurla həyata keçirilir.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün mənfi təsirlərinə baxmayaraq ölkəmiz regionda və dünyada dinamik inkişaf edən dövlət olaraq demokratik islahatları davam etdirir. Bununla yanaşı, Azərbaycan dövləti soyqırım və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi, işğal olunmuş torpaqların azad edilməsi üçün sarsılmaz iradəsini və gücünü nümayiş etdirəcəkdir. Ümidvaram ki, ombudsmanlar və beynəlxalq təşkilatların nümayəndələri bu məsələlərə xüsusi diqqət yetirəcəklər və biz birlikdə insanların pozulmuş hüquqlarının bərpasına nail olacağıq.
Azərbaycan insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq sistemin fəal üzvüdür və demokratiya sahəsində etibarlı tərəfdaşlıq münasibətlərini inkişaf etdirir.
Əminəm ki, Ombudsmanların VI Bakı Beynəlxalq Konfransı insan hüquqlarının səmərəli təmin olunmasına öz töhfəsini verəcək, bu sahədə beynəlxalq əməkdaşlığı daha da gücləndirəcəkdir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 iyun 2008-ci il.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BELARUS NÜMAYƏNDƏLƏR PALATASININ SƏDRİ VADİM POPOVUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Belarus Nümayəndələr Palatasının sədri Vadim Popovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Belarus Nümayəndələr Palatasının sədri Vadim Popov Belarus Prezidenti Aleksandr Lukaşenkonun və Belarusun Baş naziri Sergey Sidorskinin salamlarını dövlətimizin başçısına çatdırdı. Vadim Popov ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı, dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynadığını qeyd etdi. O, ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışdı, əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham ƏIiyev dövlət başçılarının qarşılıqlı səfərlərinə toxunaraq, bu səfərlərin əlaqələrimizin möhkəmlənməsi işinə xidmət etdiyini vurğuladı. Dövlətimizin başçısı Belarusa səfərini xatırlayaraq, ötən dövr ərzində əlaqələrin daha da inkişaf etdiyini, ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə daha da genişləndiyini qeyd etdi. Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun və Belarusun Baş naziri Sergey Sidorskinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarusun Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QAZAXISTAN SENATININ SƏDRİ QASIM COMƏRD TOKAYEVİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Qazaxıstan Senatının sədri Qasım Comərd Tokayevi qəbul etmişdir.
Qasım Comərd Tokayev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə dinamik surətdə inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin daha da genişlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu. Həmçinin Ali qanunverici orqanların nümayəndələrinin görüşlərinin vacibliyi qeyd olundu və bildirildi ki, Qazaxıstan Senatı sədrinin bu səfəri Azərbaycan-Qazaxıstan münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Qazaxıstanın dövlət başçısına çatdırmağı xahiş etdi.



 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTAN PARLAMENTİNİN SƏDRİ DAVİD BAKRADZENİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Gürcüstan Parlamentinin sədri David Bakradzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı və parlamentlərarası əməkdaşlığın bu işdəki rolu xüsusi qeyd olundu. Azərbaycanla Gürcüstan arasında dövlət başçıları səviyyəsində keçirilən görüşlərin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və eləcə də birgə iqtisadi layihələrin həyata keçirilməsinin iki ölkə arasında münasibətlərin daha da genişlənməsi işinə töhfə verdiyi qeyd olundu.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOLDOVA PARLAMENTİNİN SƏDRİ MARİAN LUPUNUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Moldova Parlamentinin sədri Marian Lupunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Marian Lupu Moldova Prezidenti Vladimir Voroninin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Qonaq Azərbaycan Parlamentinin 90 illik yubileyi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Moldova Parlamentinin sədri ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini və parlamentlərarası əməkdaşlığın genişləndiyini bildirdi, Moldova ilə Azərbaycan parlamentariləri arasında sıx əməkdaşlığın həyata keçirildiyini qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycan-Moldova ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın mövcud olduğunu bildirdi və ölkələrimizin bir-birinin mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın bundan sonra da genişlənəcəyinə və münasibətlərimizin daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev Moldova Prezidenti Vladimir Voroninin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Moldovanın dövlət başçısına çatdırmağı xahiş etdi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV POLŞA SENATININ SƏDRİ BOQDAN BORUSEVİÇİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Polşa Senatının sədri Boqdan Boruseviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Polşaya sonuncu səfərini xatırladı və bu səfərin münasibətlərimizin daha da genişlənməsi baxımından əhəmiyyətini vurğuladı. Parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən danışan dövlətimizin başçısı belə geniş tərkibdə parlament nümayəndə heyətinin ölkəmizə səfərini Polşa tərəfinin Azərbaycan-Polşa əlaqələrinə verdiyi önəmin yaxşı nümunəsi olduğunu qeyd etdi.
Boqdan Boruseviç ölkələrimiz arasında münasibətlərin durmadan inkişaf etdiyini vurğuladı, Azərbaycan Prezidentinin Polşaya uğurlu səfərinin ikitərəfli əlaqələrimizin gələcəkdə daha da genişlənməsi üçün yaxşı əsas yaratdığını dedi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUMINİYA SENATININ SƏDRİ NİKOLAE VEKEROYUNUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Rumıniya Senatının sədri Nikolae Vekeroyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı əlaqələrin mövcud olduğunu bildirdi və bu əlaqələrin daim genişləndiyindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Rumıniya Senatının nümayəndə heyətinin Azərbaycana səfərini ölkələrimiz arasında yüksək səviyyədə münasibətlərin göstəricisi kimi dəyərləndirdi və bu səfərin həm parlamentlərarası əməkdaşlıq, həm də ümumilikdə ikitərəfli əlaqələrin genişlənməsi baxımından əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Rumıniyaya sonuncu səfərini məmnunluqla xatırlayaraq əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.
Nikolae Vekeroyu ilk dəfə Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə etdi və ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin daim genişləndiyini dedi. Rumıniya Senatının sədri hər iki ölkə parlamentarilərinin Rumıniya-Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsi istiqamətində səylərinin artırılmasının vacibliyini qeyd etdi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FRANSANIN “TOTAL” ŞİRKƏTİNİN KONTİNENTAL AVROPA VƏ MƏRKƏZİ ASİYA REGİONU ÜZRƏ VİTSE-PREZİDENTİ ARNO BREYAKIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Fransanın “Total” şirkətinin kontinental Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Arno Breyakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə son illər Azərbaycanda enerji sahəsində qlobal layihələrin uğurla həyata keçirilməsi məmnunluqla vurğulandı. “Total” şirkəti ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın aparıldığı qeyd olundu və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.


Bookmark and Share


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar
artyazar
İyun 19, 2008 21:54
Baxış sayı: 22

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog