İLHAM ƏLİYEV: Dövlət Mədəniyyət siyasətinin lideri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 26-da Azərbaycan Dövlət Rus Dram Teatrı binasının bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimində iştirak etmişlər.
Dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizin teatr tarixində özünəməxsus yer tutan Azərbaycan Dövlət Rus Dram Teatrının binasında bərpa və yenidənqurma işlərinə 2006-cı ilin oktyabrında başlanılmışdı. Əsaslı bərpa işləri ilə yanaşı, binada ən müasir avadanlıq da quraşdırılıb və bunlar ən yüksək standartlar səviyyəsindədir. Əvvəllər 40-dək projektorla təchiz edilmiş səhnə-işıq sistemi hazırda müasir tipli 147 ədəd profil, səpələyici, linzalı və izləyici projektorlarla, eləcə də xüsusi işıq effektləri verən 10 ədəd
fırlanan başlıqla təchiz edilmişdir. Sistem müasir səviyyəli pult vasitəsilə idarə olunacaqdır. Səsgücləndirmə sistemi də dünyanın ən müasir standartlarına cavab verir.
Bildirildi ki, tamaşa salonunun çilçırağı, kresloları yeniləri ilə əvəz olunub, qrim və iş otaqları müvafiq mebel və inventarlarla təchiz edilib, teatrın inzibati və yaradıcı heyəti üçün yüksək səviyyəli iş şəraiti yaradılıbdır. Binada müasir tələblərə cavab verən mərkəzləşdirilmiş kondisioner-ventilyasiya və istilik sistemləri, o cümlədən təhlükəsizlik, yanğın və fövqəladə hallarda xəbərvermə sistemləri quraşdırılmışdır. Binanın fasadına yüksək keyfiyyətli materiallardan üzlük çəkilmiş, xüsusi gecə işıqlandırıcıları quraşdırılmışdır.
Teatrda aparılan əsaslı bərpa və yenidənqurma işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev baş rejissor, xalq artisti Aleksandr Şarovski ilə görüşdü, ona Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Şöhrət ” ordenini təqdim etdi. Dövlətimizin başçısı teatrın yaradıcı kollektivi ilə də görüşüb söhbət etdi.
Yaradıcı kollektivin üzvləri Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmir olunması və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmir olunması üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat məbləğində vəsait ayrılsın.
2. “Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 mart 2007-ci il tarixli 2025 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən vəsaitin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ayrılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2008-ci il.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri xanım şeyxa Lübnə bint Xalid Əl-Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da genişlənməsi üçün böyük imkanların olduğu bildirildi. Dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinə uğurlu səfərinin bu əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığı vurğulandı. Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Finlandiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Petri Salonun etimadnaməsini qəbul etmişdir.
Səfir Petri Salo fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfiri qəbul etdi.
Görüşdə Azərbaycan-Finlandiya əməkdaşlığının uğurla inkişaf etdiyi, ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığı vurğulandı. Finlandiya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin daha da genişlənməsi üçün yaxşı imkanlar yaratdığı bildirildi.
Səfir Petri Salo ölkəmizdə diplomatik fəaliyyəti dövründə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini söylədi.
Hörmətli cənab Prezident,
Livan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Livan arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Livan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 may 2008-ci il.
Baxış sayı: 43
Açar sözlər:

