Qərb və Şərqə çıxışımız...
Mayın 12-də Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsveçrə Prezidenti Paskal Kuşpeni və xanımı Brigit Kuşpeni səmimiyyətlə qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi İsveçrə Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İsveçrənin və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və Paskal Kuşpen fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İsveçrə Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Paskal Kuşpenə, İsveçrə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
AzərTAc xəbər verir ki, mayın 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə edildi və əlaqələrin daha da genişlənməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı.
Azərbaycanla İsveçrə Konfederasiyası arasında yüksək səviyyəli görüşlərin əhəmiyyətinə toxunuldu və Prezident Paskal Kuşpenin ölkəmizə səfərinin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə əminlik ifadə olundu.
Dövlət başçıları ikitərəfli münasibətlərə, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi apardılar.
AzərTAc xəbər verir ki, mayın 12-də Azərbaycan və İsveçrənin dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV görüşü açaraq dedi:
-Bu, bizim münasibətlərimiz tarixində İsveçrə Konfederasiyası Prezidentinin Azərbaycana ilk səfəridir. Mən bilirəm ki, Siz Azərbaycanda müəyyən yerlərə səfər etmisiniz və insanlarla görüşmüsünüz. Bizim bugünkü danışıqlarımız dostluq və konstruktiv şəraitdə keçibdir. Əminəm ki, Sizin Azərbaycana səfəriniz və onun nəticələri uğurlu olacaqdır. Bu, bizim əlaqələrimizin yeni səhifəsidir. Biz tərəfdaşlığımızın bütün istiqamətlərində inkişafa böyük nikbinliklə baxırıq. Hazırda hər iki ölkədə səfirliklər var, ikitərəfli layihələr və inkişaf üçün geniş imkanlar mövcuddur. Ümid edirəm ki, səfəriniz başlandığı kimi, uğurla da davam edəcəkdir. Sizə xoş arzularımı yetirirəm.
Sonra çıxış edən İsveçrə Konfederasiyasının Prezidenti PASKAL KUŞPEN dedi:
-Cənab Prezident, bu gözəl sözlərə və səmimi qəbula görə təşəkkür edirəm. Bu səmimi münasibəti biz ölkəyə gəldiyimiz andan hiss edirik. Doğrudur, artıq bizim aramızda yaxşı münasibətlər yaranmışdır, lakin bunun daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar var. Qeyd etmək istərdim ki, səfirlərimiz də iqtisadi münasibətlərimizin daha da genişlənməsinə öz töhfələrini verə bilərlər. Təbii ki, bu münasibətlər gələcəkdə daha da genişlənəcəkdir. Eyni zamanda, mədəni əlaqələrimizi də inkişaf etdirməliyik ki, bir-birimizi daha yaxından tanıyaq. Bu, çox vacibdir. Çünki indiki əlaqələrimizin səviyyəsi bizi o qədər də qane edə bilməz. Lakin biz mövcud əlaqələrdən də başlaya bilərik, onlar yaxşı səviyyədədir. Onu da deyim ki, iki ölkə arasında ticarət dövriyyəsi də get-gedə artır və əminəm ki, bundan sonra da artacaqdır.
AzərTAc xəbər verir ki, mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Paskal Kuşpenin geniş tərkibdə görüşü başa çatdıqdan sonra dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər.
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İNDONEZİYANIN XARİCİ İŞLƏR NAZİRİ NOER HƏSƏN VİRAYUDANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Prezident sarayında İndoneziyanın xarici işlər naziri Noer Həsən Virayudanı qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev İndoneziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, nazirin ölkəmizə səfəri qarşılıqlı əlaqələrin daha da inkişafına töhfə verəcəkdir.
Noer Həsən Virayuda İndoneziya Prezidenti Susilo Bambanq Yudhoyononun salamlarını və ölkəsinə dəvətini dövlətimizin başçısına çatdırdı. İndoneziya naziri ölkələrimiz arasında siyasi əlaqələrin daim genişləndiyini, ikitərəfli münasibətlərin digər sahələrdə, o cümlədən iqtisadi sahədə də daha da möhkəmlənməsi üçün yaxşı perspektivlərin olduğunu bildirdi.
Dövlətimizin başçısı İndoneziya Prezidenti Susilo Bambanq Yudhoyononun salamlarına və dəvətinə görə minnətdarlığını bildirdi, özünün də salamlarını İndoneziyanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 13, 2008 7:55
Baxış sayı: 30
Şərhlər(0)

