AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
-Cənab, Prezident,
hörmətli qonaqlar,
xanımlar və cənablar!
Cənab Prezident, ilk növbədə, Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Sizi və nümayəndə heyətinizi burada qəbul etməkdən çox məmnunam. Biz bu gün qarşılıqlı maraq doğuran bir çox məsələləri geniş müzakirə etdik. İkitərəfli məsələləri müzakirə etdik, ölkələrimiz arasında siyasi müstəvidə əlaqələrimizin səviyyəsindən razılıq ifadə olundu. Bu, iki ölkə arasındakı ikitərəfli əlaqələrin tarixində İsveçrə Prezidentinin Azərbaycana ilk səfəridir.
Əminəm ki, bu səfər iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələ açacaqdır. Biz əməkdaşlığımızın daha da gücləndirilməsinə, qarşılıqlı layihələrə, o cümlədən sərmayə imkanlarına dair məsələləri, beynəlxalq məsələləri, regional inkişafı və şübhəsiz ki, gələcək perspektivləri müzakirə etdik. Biz şadıq ki, İsveçrənin aparıcı şirkətləri artıq bir neçə ildir, ölkəmizdə fəaliyyət göstərir və buradakı işlərini genişləndirmək məqsədi ilə yeni layihələr və yatırımlar baxımından bəzi fikirləri də var. Biz İsveçrənin şirkətlərini dövlət büdcəsindən maliyyələşən yeni layihələrdə sərmayədar və ya müqaviləçi qismində iştirak etməyə dəvət edirik.
Eyni zamanda, biz enerji sektorunda əməkdaşlıq imkanlarını da müzakirə etdik və hazırda əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanların olduğunu görürük. Azərbaycan böyük neft və qaz ehtiyatlarına malik olan ölkədir. Hasilat ilbəil artır, bizim müasir və çox səmərəli nəqliyyat infrastrukturumuz mövcuddur, o cümlədən, beynəlxalq və Avropa bazarlarını bizə açan neft və qaz kəmərlərimiz var. Biz İsveçrəni bu işlərdə ölkəmiz üçün potensial tərəfdaş hesab edirik. Biz şadıq ki, şirkətlər səviyyəsində ciddi danışıqlar aparılır və ümid edirik, yaxın gələcəkdə bu danışıqların əyani nəticəsinin şahidi olacağıq.
Prezidentin xarici ölkəyə səfəri əlaqələr baxımından həmişə ən mühüm ictimai hadisədir. Hesab edirəm ki, bu, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına böyük təkan verəcəkdir. Biz təkcə siyasi və iqtisadi əlaqələrlə kifayətlənməməliyik. Hesab edirəm ki, humanitar sahədə də mühüm işlər görülə bilər və insanların bir-biri ilə ünsiyyəti çox vacibdir. Mən çox şadam ki, İsveçrə Prezidenti Azərbaycanın müxtəlif yerlərinə səfər etmək, mühüm infrastruktur obyektləri ilə yaxından tanış olmaq imkanı əldə etdi. Artıq indi onun Azərbaycan haqqında daha ətraflı məlumatı var. Düşünürəm ki, səfərin özü və onun nəticələri ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə gətirib çıxaracaqdır. Biz bunu görməkdə maraqlıyıq. Biz İsveçrəni ölkəmiz üçün əhəmiyyətli dost və tərəfdaş hesab edirik və ikitərəfli əlaqələrin inkişafı qarşılıqlı maraqlara xidmət edəcəkdir. Təşəkkür edirəm.
-Azərbaycana səfər etməkdən və Prezident İlham Əliyevlə görüşməkdən məmnunam. Biz onunla bu ilin əvvəlində Davosda görüşmüşük. Orada görüşümüz qısa oldu. İki ay bundan əvvəl isə NATO-nun Buxarest sammitində görüşmüşük. İsveçrə Prezidenti üçün bu səfər ölkənizdə baş verənlərin şəxsən şahidi olmaq baxımından yaxşı imkandır. Deyim ki, ölkənizin inkişafından çox təəssüratlandım. Bu inkişafda əsas tərəflərin və xüsusilə də dövlət başçısının, siyasi rəhbərliyin açıqlığını qeyd etməliyəm. Səhərki danışıqlarımız çox konstruktiv şəkildə keçdi. Biz iqtisadi əməkdaşlığı daha da genişləndirmək fikrini bölüşdük. İsveçrə şirkətlərinin nümayəndələri tikinti və energetika sektorunda fəaliyyət göstərmək üçün bizə müraciət ediblər və cənab Prezidentin dediyi kimi, böyük layihələr həyata keçirilir. Xəyallarda yox, reallıqda. İsveçrə şirkətləri Azərbaycana sərmayə qoymağa hazırdır. Çünki onlar Azərbaycanın və regionun gələcəyinə inanır. Azərbaycan dünyanın bu regionunun inkişafına müsbət təsir göstərir.
Eyni zamanda, mədəni sahədə əlaqələrimizin genişləndirilməsini müzakirə etdik. Bu mənada artıq son illərdə həm İsveçrədə, həm də Azərbaycanda bir neçə mədəni tədbirlər keçirilmişdir. Burada mən beynəlxalq caz festivalını qeyd etmək istərdim. Mədəniyyət və turizm nazirinizin sözlərinə görə, o, İsveçrədə keçirilən caz festivalında iştirak etmişdir.
Biz regionda siyasi vəziyyəti, gələcəyi və qonşularından biri tərəfindən münaqişəyə məruz qalan Azərbaycanın mövqeyini də müzakirə etdik. Eyni zamanda, Minsk qrupunun fəaliyyəti və nəticələrin ləng olması ilə bağlı fikir mübadiləsi apardıq. Ümid edirik ki, münaqişə yaxın gələcəkdə öz həllini tapacaq, çünki, bu, regionun inkişafı üçün çox vacibdir. Biz Azərbaycanda keçiriləcək seçkilər barədə də danışdıq. Bundan əlavə, görüşlərimizin və əlaqələrimizin yaxşı səviyyədə olduğunu vurğuladıq. Lakin biz bu istiqamətdə konkret addımlar atmaq istəyirik ki, ticari-iqtisadi, siyasi və mədəni əlaqələrimizi daha da inkişaf etdirək. Sizin qonaqpərvərliyinizə görə dərin təşəkkürümü bildirirəm və Sizi İsveçrədə görməkdən məmnun olaram.
AzərTAc xəbər verir ki, mayın 12-də Bakıda, İçərişəhərdə İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin iştirakı ilə bu ölkənin Azərbaycandakı səfirliyinin binasının açılış mərasimi olmuşdur.
Azərbaycan hökumətinin üzvlərinin, Milli Məclisin deputatlarının iştirak etdikləri mərasimdən əvvəl İsveçrə Prezidenti səfirliyin binası ilə tanış oldu.
İsveçrə dövlətinin başçısı mərasim iştirakçılarını salamlayaraq vurğuladı ki, dünyada neft sənayesinin inkişafında mühüm rol oynamış, bu sahədə tarixi ənənələrə malik olan Bakı şəhərində İsveçrə səfirliyinin açılması onun çoxdankı arzusu idi və bu gün o, öz arzusuna çatmışdır. Prezident Paskal Kuşpen dedi: “Mən bu səfərim zamanı Azərbaycanın necə inkişaf etdiyini öz gözlərimlə gördüm. Ölkələrimiz arasında bütün sahələrdə münasibətlər uğurla inkişaf edir. Son illərdə Azərbaycan İsveçrədə keçirilən humanitar xarakterli müxtəlif tədbirlərdə fəal iştirak etmişdir”. O, ümid etdiyini bildirdi ki, iki ölkənin xalqları arasında dostluq körpüləri salınmasına şərait yaradan mədəni əməkdaşlıq gələcəkdə də genişlənəcəkdir.
İsveçrə Konfederasiyasının rəhbəri iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə toxunaraq bildirdi ki, onun ölkəsinin işgüzar dairələrinin nümayəndələri inşaat materialları istehsalı, energetika, əczaçılıq və kimya sənayesi sahələrində Azərbaycanda həyata keçirilən investisiya layihələrində iştirak etmək istərdi.
Prezident Paskal Kuşpen regionun problemlərinə də toxunaraq bildirdi ki, İsveçrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilməklə dinc yolla həllinə tərəfdardır.
Milli Məclisin sədri Oqtay Əsədov Bakıda İsveçrə səfirliyinin açılması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini çatdırdı. O dedi ki, indiki mərasimdə İsveçrə Prezidentinin iştirak etməsi bu ölkənin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini göstərir.
Oqtay Əsədov bildirdi ki, hazırda respublikamızda İsveçrənin 20-dək şirkəti təmsil olunmuşdur və Prezident Paskal Kuşpenin Bakıya səfəri bu ölkənin işgüzar dairələrinin Azərbaycan iqtisadiyyatında iştirakının fəallaşmasına kömək edəcəkdir. İki ölkə arasında dinamik inkişaf edən münasibətlər parlamentlərarası əməkdaşlığın genişlənməsinə də müsbət təsir göstərir. Milli Məclisdə Azərbaycan-İsveçrə dostluq qrupu fəaliyyət göstərir, yaxın vaxtlarda İsveçrə parlamentində də belə qrup yaradılacaqdır.
Milli Məclisin sədri iki ölkə arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsi naminə fəaliyyətində səfirliyin əməkdaşlarına uğurlar arzuladı.
İsveçrə Prezidenti səfirliyin binasına vurulmuş lövhənin üstündən örtüyü götürdü.
İsveçrənin və Azərbaycanın dövlət himnləri səsləndi.
Virtual gündəlik, İntellektual nitq və çıxışlar
artyazar
May 13, 2008 8:06
Baxış sayı: 31
Şərhlər(0)

