Reklam verin!
Yuma Ailə Jurnalı
 Prezident Ensiklopediyası : AZƏRBAYCAN BEYNƏLXALQ PROSESLƏRƏ FƏAL TƏSİR GÖSTƏRİR

Navigation


RSS: Yazılar


AZƏRBAYCAN BEYNƏLXALQ PROSESLƏRƏ FƏAL TƏSİR GÖSTƏRİR

Yanvar 31, 2008 23:37, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etməsi, dövlət başçıları və siyasi liderlərlə, ən iri şirkətlərin rəhbərləri ilə çoxsaylı danışıqları bu nüfuzlu ənənəvi görüşün əhəmiyyətini artırmaqla yanaşı, bir daha nümayiş etdirdi ki, Azərbaycan beynəlxalq proseslərə getdikcə daha fəal təsir göstərməyə başlayır. Azərbaycan nümayəndə heyətinin üzvü, Prezidentin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzərTAc-ın müxbiri ilə söhbətində dövlətimizin başçısının Davosda apardığı gərgin və səmərəli işin bəzi yekunları barədə çoxsaylı müşahidəçilərin və icmalçıların fikrini ifadə edərək demişdir:
- Alp dağlarında yerləşən kurort şəhərciyində 1971-ci ildən bəri hər il keçirilən bu ənənəvi forumda dünyada baş verən və bütün bəşəriyyəti narahat edən əsas proseslər barədə hərtərəfli fikir mübadiləsi aparılır. Geniş iclaslarda, “dəyirmi masa” görüşlərində sivilizasiyaların dialoqundan, iqlim kataklizmlərindən tutmuş alternativ enerji mənbələrinə qədər ən müxtəlif mövzular və problemlər müzakirə və təhlil edilir, müvafiq təkliflər və proqnozlar irəli sürülür.

Dövlət və hökumət başçıları, nazirlər, dünya elminin parlaq zəkaları, ən iri transmilli şirkətlərin rəhbərləri burada öz mövqelərini açıqlayırlar. Davos görüşü "iqtisadi forum" adlansa da, burada aktual siyasi problemlər də müzakirə edilir, cari vəziyyət nəzərə alınmaqla, yaxın perspektivin gündəliyi formalaşır. Bir sözlə, Davos forumu dünyada gedən iqtisadi və siyasi proseslərin nəbzini tutaraq, onları idarə edir.
Prezident İlham Əliyevin Dünya İqtisadi Forumuna dəvət olunması bir daha sübut edir ki, Azərbaycan regional liderlik çərçivəsini genişləndirərək dünyada öz mövqelərini möhkəmləndirir, ölkəmizin beynəlxalq reytinqi və sanbalı artır. Doğrudan da, son illərdə regionun aparıcı və əsas dövləti olan Azərbaycan öz tərəfdaşları ilə, Qərblə sıx əlaqələri sayəsində qlobal transkontinental layihələri uğurla həyata keçirir, öz siyasi mövqeyini dəqiq və birmənalı şəkildə bəyan edir, bu isə onun xaricdə nüfuzunu və imicini yüksəldir.
2007-ci ildə Azərbaycan Prezidenti Qərbdə çox kəskin şəkildə qarşıya çıxmış enerji ehtiyatları təchizatının şaxələndirilməsinə, Avropanın enerji təhlükəsizliyi probleminə həsr olunmuş bir neçə zirvə toplantısında iştirak etmiş, bu məsələ ilə əlaqədar Azərbaycanın öz milli mənafelərinə uyğun olan mövqeyini izah etmişdir. Budəfəki forumda dövlətimizin başçısı Azərbaycanın mövqeyini bir daha təsdiqləmiş, dünyanın enerji təminatı, neftin və qazın istehlakı və nəqli məsələləri barədə konkret bəyanatlar vermişdir.
Davos görüşünün bir xüsusiyyəti də ondan ibarətdir ki, bu foruma siyasətçilər, biznesmenlər, ən müxtəlif istiqamətləri və sahələri təmsil edən yüksək səviyyəli şəxslər gəlirlər. Beynəlxalq əhəmiyyətli bu nadir tədbir onun iştirakçılarının bilavasitə ünsiyyətdə olmalarına imkan verir. Bu qəbildən olan görüşləri hətta Birləşmiş Millətlər Təşkilatında da keçirmək mümkün deyildir. Məsələn, forumun geniş iclasında eyni vaxtda bir neçə prezident, siyasi xadimlər, ən iri aparıcı şirkətlərin başçıları iştirak edir, müzakirə olunan problemlər barədə özlərinin bəzən bir-birindən fərqli fikirlərini söyləyirlər. Bundan əlavə, Davos İqtisadi Forumu hər bir tərəfin onu maraqlandıran istənilən şəxslə görüşməsinə və bəzən illər boyu müşkül sayılan məsələni sözün hərfi mənasında bir neçə dəqiqəyə həll etmək imkanı verir.
Xatırladaq ki, Prezident İlham Əliyev Davosda olduğu günlərdə dövlət başçıları, xarici işlər nazirləri, iri şirkətlərin və beynəlxalq təşkilatların rəhbərləri, biznesmenlərlə 20-dək görüş keçirmişdir. Həmin görüşlərin əksəriyyəti qarşı tərəflərin xahişi ilə baş tutmuşdur. Bu fakt bir daha sübut edir ki, onlar Azərbaycana çox böyük maraq göstərirlər.
Onu da əlavə edim ki, Azərbaycanın lideri bu forumda ikinci dəfə idi iştirak edirdi. Lakin bu dəfə, dörd ildən sonra İlham Əliyev artıq sosial-iqtisadi inkişafda nadir nəticələr əldə edən, dünya bazarının layiqli oyunçularından birinə çevrilən, bir çox potensial xarici sərmayədarların ciddi diqqət yetirdiyi bir ölkəni təmsil edirdi. Buna görə də Davos forumunu ölkəmizin beynəlxalq əməkdaşlığının durmadan genişlənməsi yolunda mühüm mərhələ hesab etmək olar. Bu əməkdaşlıq Azərbaycanın yeni həyat quruculuğunda yeni zirvələrə çatmasına imkan verəcəkdir.

ROBERT VEKSLER: 907-Cİ DÜZƏLİŞƏ BİR DƏ BAXILMALIDIR

ABŞ-ın Florida ştatının demokrat təmsilçisi Robert Veksleri Konqresdə “Ən səmərəli 50 qanunverici” siyahısında yer tutan fəal ictimai xadim kimi tanıyırlar. Əslən nyu-yorklu olan yəhudi mənşəli hüquqşünas 1997-ci ildən Konqresin üzvüdür. Nümayəndələr palatasında Beynəlxalq əlaqələr komitəsinin Avropa üzrə alt komitəsinin sədri olan Robert Veksler ABŞ-ın transatlantik müttəfiqləri ilə münasibətlərini tarazlayan qanunvericilərdəndir. Konqresdə ABŞ-Türkiyə işçi qrupunun həmtəsisçisi olan konqresmen 2008-ci ilin iş cədvəlini Azərbaycana səfərlə başlamışdır. AzərTAc-ın xüsusi müxbiri Robert Vekslerlə Kapitolidəki ofisində görüşərək söhbət etmişdir.
-Cənab Veksler, bu yaxınlarda Nümayəndələr palatasında sizin müəllifi olduğunuz “Avrasiya Fondu Aktı” qanun layihəsi qəbul edildi. ABŞ xaricə yardımını azaltdığı bir vaxtda bu qanun sabiq sovet respublikalarına əlavə 15 milyon ABŞ dolları məbləğində yardım nəzərdə tutur. Görünür, bu bölgəni ABŞ üçün mühüm hesab edirsiniz?
-Elədir. Məncə, bu bölgə bir çox baxımdan bizim üçün əhəmiyyətlidir: strateji səviyyədə, iqtisadi səviyyədə, terrorizmlə mübarizə baxımından. Burada ön planda duran enerji əməkdaşlığımız var. Bu əməkdaşlıq Amerika üçün, sadəcə, iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik məsələsidir. Amerikanın, habelə Avropadakı müttəfiqlərimizin enerji təchizatı mənbələrinin müxtəlifləşdirilməsi həm iqtisadiyyatın, həm də milli təhlükəsizliyin mərkəzindədir. Ona görə əminəm ki, ABŞ buraya diqqəti və dəstəyini bir qədər də artırmalıdır. Xüsusilə də Azərbaycan kimi ölkələrə.
-Bu ilin əvvəlindən ABŞ Konqresinin bir neçə nüfuzlu nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Sizdən sonra senator Riçard Luqar, Konqresdəki ABŞ-Azərbaycan işçi qrupunun həmsədri Bill Şuster Bakıda olmuşlar. Səfəriniz nə ilə bağlı idi?
- Bu, mənim Azərbaycana ilk səfərim idi. İstəyirdim Azərbaycan haqda öyrənim, geosiyasi şəraiti görüm. Bir tərəfdən bölgədə İran nüfuzunu artırmağa, digər tərəfdən, Rusiya Prezidenti Putin həddən artıq fəallıq göstərməyə çalışır. Azərbaycan isə bölgə və beynəlxalq inkişaf baxımından iki müxtəlif mərhələdə yaşayan bu qüvvələrin arasında yerləşir. Mən həm də Azərbaycanda hazırkı demokratik inkişaf və islahatlar mərhələsini daha yaxşı başa düşmək istəyirdim. Prezident İlham Əliyev ilə, müxalifət liderləri, başqaları ilə görüşdüm ki, Amerikanın Azərbaycanda hansı maraqlarının olması, ikitərəfli maraqların nədən ibarət olması, regional maraqların nə olması, habelə Türkiyənin Azərbaycanda hansı müsbət rol oynaması haqda təsəvvürüm olsun. Eləcə də, biz görmək istədiyimiz demokratik islahatların genişlənməsi üçün Amerikanın Azərbaycanla gələcəkdə necə münasibətlər yaratmalı olduğunu müəyyənləşdirim.
-Birləşmiş Ştatlardakı kimi, Azərbaycanda da bu il prezident seçkiləri keçiriləcəkdir. Müxtəlif siyasi düşərgələrin nümayəndələri ilə görüşdüyünüzü bildirdiniz. Onlar haqqında rəyinizi bilmək istərdik. Prezident İlham Əliyev sizdə hansı təəssüratı yaratdı?
-Prezident İlham Əliyev güclü liderdir. Ölkəsinin gələcəyi barədə onun uzaqgörənliyi vardır. Mən istərdim ki, demokratik inkişaf daha dərin, mətbuat azadlığı daha geniş olsun, vətəndaş cəmiyyətinin inkişafına daha çox diqqət yetirilsin. O, Azərbaycanın strateji əhəmiyyəti, ölkənin siyasi inkişafı, Amerika-Azərbaycan münasibətlərinin niyə vacib olması barədə çox gözəl danışdı. Biz həm də mənim təşəbbüsümlə, məndən ötrü və Amerikada bir çoxları üçün çox vacib olan daha bir mövzu - Azərbaycanın İsraillə münasibətlərinin əhəmiyyəti haqqında danışdıq.
-Bəs, müxalifət liderləri ilə necə?
-Amerikalılar digər ölkələrin daxili seçkilərində heç kimin tərəfini tutmurlar. Müxalifət liderləri Azərbaycandakı vəziyyət barədə öz mülahizələrini bölüşdülər. Onlar ədalətsizlik kimi gördükləri mətbuat azadlığının məhdudlaşdırılmasından və müxalifətin siyasi fəaliyyətinə maneələrdən danışdılar. Hər bir inkişaf edən demokratiyada bu məsələlərə müxtəlif prizmadan baxmaq lazımdır. Demokratik islahatların sürətləndirilməsinin müsbət və mənfi cəhətlərini, habelə ölkənin harada yerləşdiyini nəzərə almaq lazımdır. Azərbaycan çox çətin qonşuluqda yaşayır.
-Siz hakimiyyət təmsilçilərindən demokratiya ilə bağlı narahatlıqlarınıza cavab aldınızmı?
-Əlbəttə, verildi. Zənnimcə, daha çox irəliləyişə ehtiyac var. Amma, unutmaq lazım deyil ki, bu, tədricən gedən prosesdir.
-“Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş hələ də qalır. Buna münasibətiniz necədir?
-ABŞ Prezidenti düzəlişin qüvvəsini dayandırmışdır. Ona görə heç bir əhəmiyyətli təsiri yoxdur. Lakin əgər bir qanunun qüvvəsi Prezident tərəfindən dəfələrlə dayandırılırsa, bu o deməkdir ki, ona yenidən baxılmalıdır. Mənə belə gəlir, biz bu qanuna ona görə yenidən baxmalıyıq ki, Amerikanın milli təhlükəsizlik maraqlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirək. Baxıb görək ki, bu qanun Amerikaya Yaxın Şərq və Rusiyadakı enerji mənbələrindən asılı olmamaq imkanı verirmi? Amerikalı istehlakçının vəziyyətini yaxşılaşdırırmı? Məncə, bizim təhlükəsizlik tələbatımıza cavab verib-vermədiyini müəyyənləşdirmək üçün 907-ci düzəlişə bir də baxılmalıdır.
-Bakı görüşlərinizdə əsas müzakirə məsələlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Vasitəçi qismində ABŞ həll yolunun tapılmasına necə yardım edə bilər?
-Bəli, bu mövzu bir çox müzakirələrimizin diqqətində idi, çünki bu, həm Azərbaycan xalqı, həm də amerikalılar üçün olduqca vacibdir. Biz yardımçı rolunu oynamağı çox istərdik. Azərbaycanda bir çoxları mənim diqqətimə Ermənistanın İranla artan münasibətlərini və Rusiya ilə daha çox yaxınlaşdığını çatdırdılar. Mən bunlardan olduqca narahatam.
-Cənab Veksler, Nümayəndələr palatasında məlum erməni qətnaməsini keçirmək səyləri ABŞ-ın azsaylı dünyəvi müsəlman müttəfiqlərindən olan Türkiyə və Azərbaycanda ölkənizin imicinə böyük zərbə vurmuşdur. Bir qrup konqresmen qanun layihəsini bu il də səsverməyə çıxarmaq üçün canfəşanlıq edir. ABŞ-Türkiyə münasibətlərində yeni şokları gözləmək lazımdırmı?
-Ümid edirəm ki, gələcək şoklar olmayacaqdır. Erməni qətnaməsinin lehinə çıxan bir qrup adam vardır. Lakin onun əleyhinə olanlar da az deyildir. O cümlədən, Prezident, vitse-prezident, Dövlət Departamenti və müdafiə strukturları. Məncə, məsələni bu illik həll etmişik.
-Bu gün sizin təmsil etdiyiniz Florida ştatında prezident praymarizləri keçirilir. Noyabrda səsverməyə gedən Amerika seçicisini xarici siyasət məsələləri nə qədər maraqlandırır?
-Məncə, xarici siyasət məsələləri olduqca vacibdir. 11 sentyabr hadisələrindən sonra amerikalılar dünyanın necə balacalaşdığını yaxşı anlayırlar. Bizi əhatə edən iki okean artıq təhlükəsizliyimizi təmin etmir. İnsanlar başa düşürlər ki, xarici siyasət təkcə beynəlxalq münasibətləri tarazlamır, həm də onların gündəlik həyatına təsir edir. Onların təhlükəsizliyinə, enerji təminatlarına, iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə nüfuz edir.
-Cənab Veksler, builki prezident seçkilərində siz, Demokrat partiyasından namizəd olan senator Barak Obamanı dəstəkləyirsiniz. Senator Obama bu yaxınlarda Osmanlı Türkiyəsində 1915-ci ildə baş verənləri soyqırımı kimi tanımaq barədə çağırışları və prezident seçiləcəyi təqdirdə buna nail olacağını bildirməsi ilə ABŞ-da yaşayan türkdilli seçicilərin qəzəbinə səbəb olmuşdur. Artıq Amerika azərbaycanlıları və türkləri Barak Obamanın namizədliyinə qarşı güclü kampaniyaya başlayaraq onun xarici siyasət üzrə məsləhətçilərinin səriştəsinə şübhə edirlər. Konqresdə ABŞ-Türkiyə işçi qrupunun həmtəsisçisi kimi buna münasibətiniz necədir? Bunu yalnız səsləri qazanmaq naminə atılan addım, yoxsa daha ciddi məsələ kimi qəbul etməliyik?
-Mən senator Barak Obamanın namizədliyini dəstəkləyirəm. Məncə onun əla xarici siyasət platforması var. O, Amerikanı daha güclü və dünya dövlətləri arasında daha populyar edə bilər, transatlantik münasibətlərimizi genişləndirər, ABŞ-la Türkiyə arasında daha sağlam əlaqələrin tərəfdarı olardı. Bundan artıq sözüm yoxdur. Məncə indi məsələnin detallarına getməyə dəyməz.
-Söhbətinizə görə təşəkkür edirik.


Baxış sayı: 60
Açar sözlər:
Bookmark and Share





Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha